“İnstagram” Əli Əkbər Vilayəti və İbrahim Rəisinin də hesablarını bloklayıb

“İnstagram” Əli Əkbər Vilayəti və İbrahim Rəisinin də hesablarını bloklayıb

GünazTV: Aprelin 17-si axşam saatlarında İranın “dini lideri”nin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti və İran Məhkəmə Sisteminin rəisi axund İbrahim Rəisinin   “İnstagram” sosial şəbəkəsindəki hesabları bloklanıb.

 

Hesablara girişin dayandırılması, ABŞ Dövlət Departamentinin “Sepah”ı rəsmən terrorçu təşkilatlar siyahısına daxil etməsindən bir neçə gün sonraya təsadüf edib. Bildirilir ki, hər iki yüksək rütbəli İran rəsmisinin “İnstagram” sosial şəbəkəsində hesablarının fəaliyyətinə xitam verilməsi, onların İranda insan hüquqlarının kobud şəkildə pozulmasında birbaşa rol oynaması ilə əlaqədardır.

 

İbrahim Rəisi isə 1988-ci ildə (1367-ci il) İran zindanlarında saxlanılan və öz siyasi mövqeyindən əl çəkməyən minlərlə siyasi məhbusun bir neçə ay ərzində kütləvi şəkildə edam olunmasında birbaşa əli olub. O, siyasi məhbuslara ölüm hökmü çıxaran məşhur “Ölüm heyəti”nin əsas üzvlərindən biri olub. İslam respblikasının qurucusu Ruhullah Xomeyninin əmri ilə təşkil edilən həmin “Ölüm heyəti”nin digər üzvləri,  Hüseynəli Nəyyeri, Murtuza İşraqi və o vaxtkı ETTELAAT Nazirliyinin nümayəndəsi, hazırda isə ədliyyə naziri postunda çalışan Mustafa Purməhəmmədi olub.

 

İbrahim Rəisi

 

Xatırladaq ki, son günlər İranın “dini lider”i Əli Xamneyinin, “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfərinin, “Sepah”ın “Qüds” qanadının komandanı Qasım Süleymaninin və digər “Sepah” komandirlərinin, eləcə də daha bir neçə İran rəsmisinin “İnstagram”dakı hesabları bağlanılıb və onlara giriş artıq mümkün deyil.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-də bəyanat yayaraq, İran İnqilab Keşikçiləri Korpusunu (Sepah-ı) terrorçu təşkilatlar siyahısına daxil etdiyini rəsmən elan edib.

 

Aprelin 15-də isə, “Sepah” rəsmən ABŞ Dövlət Departamentinin xarici terrorçu qruplar siyahısına salınaraq, onun adı Amerika Birləşmiş Ştatlarının federal hökumətinin rəsmi jurnalında (FEDERAL REGİSTER - The Daily Journal of the United States Government) qeydə alınıb.

 

Əli Əkbər Vilayəti

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN