İran 53 milyard barelə malik yeni neft yatağı aşkarladığını bəyan edib

İran 53 milyard barelə malik yeni neft yatağı aşkarladığını bəyan edib

GünAz TV: İran prezidenti Həsən Ruhani yeni neft yatağı aşkar etdiklərini deyib. O, yatağın işlənəcəyi təqdirdə, ölkənin 320 milyard dollar qazana biləcəyini bildirib. 

 

Yayılan məlumatlara əsasən, sözügedən yataq Xusiztan əyalətinin Bostan və Ümidiyyə şəhərləri arasında yerləşir və 53 milyard bareldən çox ehtiyata sahibdir.

 

“İsna” xəbər agentliyi yatağın 2400 km2 əraziyə, 80 metr qalınlığa sahib olduğunu bildirir. Bu gün İranın Neft nazirinin yataqla bağlı bütün detalları açıqlayacağı gözlənilir.

 

Bir müddət öncə İran Əhvazda 65 milyard barel ehtiyata sahib yataqdan neft yatağı aşkarladığı barədə də məlumat yaymışdı.

 

Xuzistanın icra hakimi Qulamrza Şəriəti bildirib ki, ilkin təxminlərə görə, yeni yataqdan təqribən 11 milyard barel neft çıxarmaq mümkündür, bu isə öz növbəsində əyalət ərazisində yerləşən quyulardan tədarük edilən qara qızılın 20%-nə barəbardir. O, mütərəqqi texnologiyaların tətbiqi ilə yatağın işlənməsindən əldə edilən hasilatın həcmini 25-30% çoxaltmağın mümkün olduğunu deyib.

 

Xatırladaq ki, İran neft ehtiyatlarına görə dünyada 4-cü, qaz ehtiyatlarına görə isə 2-ci yerdədir. Lakin sanksiyalar səbəbindən xarici investisiyaların yatırılması və neft quyularının köhnəlməsi kimi problemlər üzündən bu ehtiyatları tamamilə istismara verə bilmir.

 

Digər tərəfdən, İranın ərəblər yaşayan bölgəsi olan Xuzistan vilayəti neftlə zəngin olsa da, rejimin şovinist siyasəti nəticəsində burada insanlar çox ağır iqtisadi vəziyyətdə yaşayırlar.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN