İran Dünyanın Sülh İndeksində 9 pillə geriləyib

İran Dünyanın Sülh İndeksində 9 pillə geriləyib

GünAz TV: Beynəlxalq Sülh və İqtisadiyyat İnstitutu Dünyanın Sülh İndeksi ilə bağlı yayımladığı yeni hesabatda İranın 2018-ci ildə 9 pillə gerilədiyini bildirib.

 

Hesabata əsasən, İran, Nikaraqua, Burkina-Faso, Zimbabve bu istiqamətdə ən çox geriləyən ölkələr olublar.

 

Hesabatda həmçinin qeyd edilir ki, İran 2017 və 2018-ci illərdə ardıcıl olaraq geriləyib, ötən il 163 ölkə içərisində 139-cu yerdə, yəni “narıncı həddə” qərarlaşıb.

 

Beynəlxalq Sülh və İqtisadiyyat İnstitutu ölkələri sülh göstəriciləri baxımında 4 kateqoriyaya bölür: yaşıl, sarı, narıncı və qırmızı.

 

İnstitut ölkələrin sülh indekslərini təyin etdikdə xarici gərginliklər də daxil olmaqla, müxtəlif üsullardan istifadə edir. İran xarici gərginliklər baxımından dünyanın bütün ölkələri içərisində ən pis indekslərə sahib ölkə olub.

 

Hesabatda Amerikanın nüvə razılaşmasından çıxmasının ardınca yaşanan gərginliyə toxunulsa da, lakin İranın xarici gərginliklər baxımından geriləməsinin əsl səbəbinin Suriya vətəndaş müharibəsində davam edən hərbi mövcudluğunun olduğu vurğulanır.

 

Eləcə də, İranın Yəmən və İraqda yaratdığı yaraqlı qruplaşmalar vasitəsilə təmsilçi müharibələr aparması və bunun nəticəsində Amerika, İsrail və Səudiyyə Ərəbistanı ilə arasında yaranan gərginliklər də bu geriləməyə təsir göstərib. Eyni zamanda, rəsmi Tehran öz hərbi xərclərini Ümumi Daxili Məhsulun 3.75%-dən 4.56%-ə qədər artırıb.

 

Beynəlxalq Sülh və İqtisadiyyat İnstitutunun yeni hesabatında həmçinin ABŞ-ın nüvə razılaşmaqsından çıxmaqla, Tehrana qarşı sanksiyalar tətbiq etməsinin İran iqtisadiyyatını iflic vəziyyətə saldığı və buna görə də, ölkədə böyük etiraz dalğalarının gözləndiyi qeyd edilib.  

 

Hesabata əsasən, Yaxın Şərq regionunda sülh indeksi baxımından 1-ci ən təcavüzkar ölkə İran, 2-ci isə Yəmən olub.

 

Dünyanın ən sülhpərvər ölkələri sıra ilə aşağıdakı kimi göstərilib:

 

1. İslandiya

 

2. Yeni Zelandiya

 

3. Portuqaliya

 

4. Avstriya

 

5. Danimarka

 

6. Kanada

 

7. Sinqapur

 

8. Sloveniya

 

9. Yaponiya

 

10. Çex Respublikası

 

Dünyanın ən az sülhpərvər ölkələri isə aşağıdakı kimidir:

 

  1. Əfqanıstan

 

  1. Suriya

 

  1. Cənubi Sudan

 

  1. Yəmən

 

  1. İraq

 

  1. Somali

 

  1. Mərkəzi Afrika

 

  1. Liviya

 

  1. Konqo

 

  1. Rusiya

 

Hesabatda həmçinin vurğulanır ki, ötən il ərzində 86 ölkənin sülh indeksi yaxşı, 76 ölkəninki isə öncəki illərə nisbətən daha da pis olmuşdur. Lakin demək olar ki, bütün dünya ölkələrinin göstəriciləri dəyişmədən qalıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN