İran əsilli fransalı alim Tehranda həbs edilib

İran əsilli fransalı alim Tehranda həbs edilib

GünAz TV: Fransanın Xarici İşlər Nazirliyi ikili vətəndaşlığı olan Fəriba Adilxah adlı alimin İranda həbs edildiyi barədə məlumat yayıb.

 

Məlumata əsasən, 60 yaşlı, İran- Fransa vətəndaşlığı olan alim Paris Siyasi Araşdırmalar Mərkəzində İran- şiə islamı üzrə tədqiqat aparan tanınmış mütəxəssisdir. Onun həbsinin İranla Avropa ölkələri arasında nüvə razılaşmasıyla bağlı yaranmış gərginliyə mənfi təsir göstərəcəyi gözlənilir.

 

Nazirlik Adilxahın həbs edilməsindən yeni xəbər tutduğunu bildirir. Eləcə də, İran tərəfindən alimin hazırda harda və necə saxlanması barədə məlumat tələb edir.

 

Fransa XİN-in yaydığı bəyanatda İrandan Adilxahın təcili konsul xidmətindən istifadə etməsi üçün lazımi şəraitin yaradılması istənilir.

 

Həbs xəbərini təsdiqləyən İran dövlətinin sözçüsü Əli Rəbii ittihamların nədən ibarət olduğunu açıqlamayıb.

 

Yaxınlarının verdiyi məlumata görə, Adilxah iyunun 5-də həbs edilib və hazırda Tehranın Evin həbsxanasında saxlanılır.

 

Fəriba Adilxahdan öncə də İran dəfələrlə ikili vətəndaşlığı olan İran əsilli şəxsləri, eləcə də Qərb ölkələrinin vətəndaşlarını qondarma ittihamlarla həbs edib. Rəsmi Tehran Qərblə sövdələşmələrə getmək üçün hər zaman sivil insanları həbs edib, onlardan girov olaraq təzyiq vasitəsi kimi istifadə edir. Hazırda İran həbsxanalarında İngiltərə, Amerika və s. digər Qərb ölkələrinin bir neçə vətəndaşı məhkumluq həyatı yaşayır.

 

Həbs Avropanın 2015-ci il nüvə müqaviləsini qorumaq üçün göstərdiyi səylərlə eyni zamanda baş verib. Fransa prezidenti Emmanuel Makron da bu istiqamətdə ən çox fəaliyyət göstərən siyasətçilərdəndir. O, son ay ərzində İrana iki dəfə diplomatik heyət göndərib, hətta Makronun özünün də yaxınlarda son 40 ildə ilk Fransa prezidenti kimi Tehrana rəsmi səfərə gedəcəyi ilə bağlı söz-söhbətlər yayılmışdı.

 

Ə.A

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN