İran generalı: “Hörmüz boğazı ya hamı üçün təhlükəsiz olmalıdır, ya da heç kəs üçün”

İran generalı: “Hörmüz boğazı ya hamı üçün təhlükəsiz olmalıdır, ya da heç kəs üçün”

GünAzTV: İran ordusu quru qüvvələrinin komandanı Əmir Heydəri iyulun 22-də jurnalistlərə açıqlamasında Amerikaya qarşı sərt bəyanatlar səsləndirərək, Hörmüz boğazını bağlayacaqları ilə təhdid edib.

 

O bildirib ki, xarici düşmən, o cümlədən də Amerikanın körfəzdəki hərbi qüvvələri İran silahlı qüvvələrinin gücü qarşısında heç bir addım ata bilməyəcək: “Bizim sərhədlərimiz dünyanın ən təhlükəsiz sərhədləridir. Silahlı qüvvələrimizin gücü qarşısında isə düşmənlər nəfəs belə çəkə bilməzlər.

 

Bizim silahlı qüvvələrimiz düşmənlərin bölgədə atmaq istədiyi hər bir addımının qarşısını almağa çoxdan hazırdır. Hesab edirik ki, Hörmüz boğazı ya hamı üçün təhlükəsiz olmalıdır, ya da heç kəs üçün”.

 

Bu ilin noyabr ayından etibarən İran neftinə sanksiya qoymağa hazırlaşan Amerika prezidenti və ABŞ-ın digər rəsmiləri bildirirlər ki, İran neftinin satışını sıfıra endirmək niyyətindədirlər. Rəsmi Vaşinqtonun bununla bağlı mövqeyini açıqlamasının ardınca, bəzi İran rəsmiləri son həftələr öz çıxışlarında tez-tez Qərbi təhdid edir, ölkə neftinin satışına qadağa qoyulacağı təqdirdə, Hörmüz boğazını neft daşıyan xarici gəmilərin üzünə bağlayacaqlarını bildirirlər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN