İran hökuməti sərbəst toplaşma hüququnun sanksiyalaşdırılması ilə bağlı yeni layihə hazırlayıb

İran hökuməti sərbəst toplaşma hüququnun sanksiyalaşdırılması ilə bağlı yeni layihə hazırlayıb

GünAz TV: İran prezidentinin hüquq məsələləri üzrə müavini “sərbəst toplaşma hüququnun təmin edilməsi və yürüşlərin keçirilməsinin təşkili” üzrə yeni layihə hazırlayıb.

 

Layihəyə əsasən, təşkilatçılar aksiyaların keçirilməsindən ən azı 3 gün əvvəl müfaviq icra hakimiyyəti orqanına müraciət etməli, rəsmi uniformada olan polis qüvvələri etiraz aksiyalarına qatılanları qorumalıdırlar. Layihənin qəbulu Nazirlər Kabinetinin bununla bağlı verəcəyi yekun rəyə bağlıdır.

 

“Qatılanların silahsız olduğu və etiraz aksiyasının motivləri islamın və məzhəbin 5 təməl şərti ilə ziddiyyət təşkil etmədiyi təqdirdə, hər kəsin sərbəst toplaşma və yürüş keçirmə haqqı var”, - deyə layihənin mətnində qeyd edilir.

 

Bundan öncə, yəni 2018-ci ilin iyun ayında İranın Nazirlər Kabineti ölkənin böyük və kiçik şəhərlərin keçirilən etiraz aksiyalarının sanksiyalaşdırılması ilə bağlı şərtləri açıqlamışdı. Həmin bəyanatda Tehranın bir neçə stadionu və parkı aksiyaların keçirilməsi üçün “münasib məkan” kimi etirazçılara təqdim edilmişdi. Amma İran Adminstrativ Ədalət Məhkəməsi Nazirlər Kabinetinin sözügedən qərarını təsdiqləməmişdi.

 

Milli Məclisin də oxşar qərar qəbul etməsinə baxmayaraq, o, hələ də qüvvəyə minməyib.

 

İran Konstitusiyasında da silahsız etiraz aksiyalarının təşkil edilməsinə icazə verilməsinə rəğmən, praktikada bu günə qədər vətəndaşlar bu hüquqdan yararlana bilməyiblər.

 

Cari ilin dekabr ayının 2-də millət vəkili Əli Mütəhhəri bildirmişdi ki, İranda “İslami Təbliğat Koordinasiya Şurası”nın elan etdiyi şəxslər xaric, başqa heç kimin etiraz mitinqi və ya yürüşü təşkil etmək hüququ yoxdur.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN