İran hökumətinin sözçüsü: “Bəzi ölkə başçıları Səudiyyə Ərəbistanı rəhbərlərindən bizə mesajlar gətiriblər”

İran hökumətinin sözçüsü: “Bəzi ölkə başçıları Səudiyyə Ərəbistanı rəhbərlərindən bizə mesajlar gətiriblər”

GünazTV: İran hökumətinin sözçüsü Əli Rəbiyi sentyabrın 30-da jurnalistlərə açıqlamasında Tehranla Ər-Riyad arasında gərginliyin azaldılması ilə bağlı bölgədə aparılan səylərdən və Səudiyyə Ərəbistanı hökumətinin İran rəhbərlərinə “mesajlar”ından danışıb.

 

Əli Rəbiyi rəsmi Ər-Riyadın İran rəhbərlərinə bəzi mesajlar göndərməsi ilə bağlı yayılan xəbərləri təsdiqləyib: “Bu doğru xəbərdir. Bəzi ölkə başçıları Səudiyyə Ərəbistanının rəhbərlərindən bizə mesajlar gətiriblər. Bu mesajlar İran prezidenti Həsən Ruhaniyə təqdim edilib. Lakin biz, onların mesajlarında toxunduqları məsələləri əməldə görməliyik. Əgər Səudiyyə Ərəbistanı rəftarını dəyişmək niyyətində olsa, biz bu addımı müsbət qarşılayırıq.

 

Səudiyyə rəhbərlərinin göndərdiyi mesajlardan biri, bu ölkənin Yəmənə hücumuna son qoyması ilə bağlı ola bilər. Bundan başqa, bizim də irəli sürdüyümüz “Hörmüz Sülh Planı” nın bir hissəsi də, Səudiyyə Ərəbistanı kimi qonşularımızla birgə əməkdaşlıq etməkdir. Məhz buna görə də, biz bu prosesi müsbət qarşılayırıq” –deyə İran hökumətinin sözçüsü Əli Rəbiyi əlavə edib.

 

O, Səudiyyə rəhbərlərinin İran başçılarına göndərdiyi mesajların detallarını və onların hansı mövzuları əhatə etdiyini açıqlamayıb.

 

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi

 

Həmin gün, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi media nümayəndələri ilə görüşərək jurnalistlərdən birinin İraqın baş naziri Adil Əbdülmehdinin Səudiyyə Ərəbistanına səfəri və onun Tehranla Ər-Riyad arasında yaşanan gərginliyi azaltmaq üçün göstərdiyi səyi ilə bağlı sualını cavablandırıb. “Biz regionda gərginliyin azaldılması uğrunda göstərilən hər bir səyi müsbət qarşılayırıq. Dəfələrlə bildirmişik ki, əgər aramızda ixtilaf varsa, onu aradan qaldırmağa hazırıq. Lakin belə görünür ki, bəzi xülyalarda olan qarşı tərəfdə bu hazırlıq yoxdur.

 

Biz həmçinin Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın Aramco təsisatlarına hücumda İranın əli olduğu ilə bağlı son bəyanatını rədd edirik. Bu ittihamların heç bir əsası yoxdur. Hesab edirik ki, Səudiyyə Ərəbistanının hazırkı böhrandan yeganə çıxış yolu, onun atəşkəsi qəbul etməsində və Yəmənin mühasirəsinə son qoymasındadır” –deyə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bəyan edib.

 

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman

 

Məhəmməd bin Salmam sentyabrın 29-da CBS telekanalına müsahibəsində İranın Aramco neft təsisatlarına qarşı dron hücumlarından və bölgədə artan gərginlikdən danışıb. Salman deyib ki, o, İranla ixtilafların hərbi variant yolu ilə yox, diplomatik yollarla aradan qaldırılmasına üstünlük verir: “Əgər dünya birliyi İranı dayandırmaq üçün möhkəm və kəskin bir addım atmasa, regionda yaşanan mövcud çaxnaşma və gərginlik getdikcə artaraq dünya mənafeyini təhlükəyə salacaq. Bu, həm də neftin dünya bazarlarına çatdırılması işinə xələl gətirə, neftin qiymətinin kəskin artmasına səbəb ola bilər.

 

Hesab edirəm ki, regionda hər hansı bir hərbi addıma üstünlük verilməsindən çəkinmək lazımdır. Şəxsən mən düşünürəm ki, İranla bağlı diplomatik və siyasi həll yolu hərbi seçim və variantdan qat-qat yaxşıdır” –deyə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmam əlavə edib.

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisd neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Rəsmi Ər-Riyad və Vaşinqton hücumların İran ərazisindən həyata keçirildiyini bildirsələr də, rəsmi Tehran bu ittihamı rədd edərək, hücumların Yəməndəki Husilər tərəfindən gerçəkləşdirildiyini iddia edir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN