İran koronavirusla mübarizəyə kömək etmək üçün gələn sərhədsiz həkimlər briqadasını ölkədən çıxarıb

İran koronavirusla mübarizəyə kömək etmək üçün gələn sərhədsiz həkimlər briqadasını ölkədən çıxarıb

GünAz TV: İran koronavirusla mübarizəyə kömək etmək üçün gələn sərhədsiz həkimlər briqadasını ölkədən çıxarıb.

 

Bu barədə məlumat yayan İran Səhiyyə nazirinin müşaviri Əlirza Vahabzadə bildirib ki, xarici həkimlərin koronavirusla mübarizə istiqamətində xəstəxana tikintisi ilə bağlı təklif etdikləri layihənin icrası da dayandırılıb.

 

Martın 22-də İsfahanın Tibb Elmləri İnstitutunun sözçüsü Arəş Nəcmi Sərhədsiz Həkimlər Təşkilatının İrana ezam edilmiş heyətinin İsfahanın Əmin Xəstəxanasında koronavirusla mübarizə istiqamətində 48 yerlik səhra xəstəxanası təşkil etməkdə olduqları barədə məlumat yaymışdı. Təşkilat da bu məlumatı təsdiqləmişdi.

 

Sərhədsiz Həkimlər Təşkilatı İsfahanda səhra xəstəxanasını qurmaq üçün lazım olan ləvazimatları Fransada yerləşən logistika mərkəzindən təyyarə ilə İrana gətirmişdi. Koronaya yoluxmuş xəstələrin müalicəsi üçün isə Təşkilatın 9 nəfərdən ibarət mütəxəssislər qrupu həmin xəstəxanada fəaliyyət göstərmək üçün İrana gəlmişdi. 

 

Lakin Təşkilatın pandemiya ilə mübarizə istiqamətində İrana göstərdiyi kömək bir qrup mühafizəkar siyasətçi və "Sepah" terror təşkilatına məxsus media qurumlarının etirazına səbəb olmuşdu. "Dini lider"in "Keyhan" qəzetindəki nümayəndəsi Hüseyn Şəriətmədari də Təşkilata İrana kömək etmək üçün icazə verilməsini tənqid etmişdi.

 

"Amerika İranda yeri olmadığını bilir. Bəs Fransa hər zaman Amerikanı İran İslam Respublikasına qarşı həyata keçirdiyi məkrli planlarda müşayiət etməyibmi? Emmanuel Makron Amerikanın ölkəmizə qarşı həyata keçirdiyi planları dəstəklədiyini bəyan etməyibmi?", - deyə Şəraitmədari etdiyi çıxışlardan birində bildirmişdi.

 

Şəriətmədarinin dediklərinin əksinə olaraq, Sərhədsiz Həkimlər Təşkilatı qeyri-kommersiya təşkilatıdır və Fransa hökumətinin nəzarəti altında fəaliyyət göstərmir. Qurumun yalnız baş ofisi Fransada yerləşir.

 

Digər tərəfdən, bir neçə gün öncə Əli Xamneyi də Amerikanın koronavirusla mübarizə üçün İrana təklif etdiyi köməyi qəbul etməmişdi. O, bu qərarını "məkrli plan" nəzəriyyələri ilə bağlamışdı. Xamneyinin bu addımı amerikalı rəsmilərin sərt reaksiyasına səbəb olmuşdu. 

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN