İran mediasında Taleh Bağırzadə ilə əlaqəli olaraq anti-Azərbaycan yazılar dərc edilib

İran mediasında Taleh Bağırzadə ilə əlaqəli olaraq anti-Azərbaycan yazılar dərc edilib

GünAz TV: İranın “Arannews”, “Dana”, “Farsnews”, “Shia-news”, və “Qafqaz” kimi informasiya resurslarında Azərbaycan Respublikasına qarşı “Azərbaycan Respublikasının Qobustan həbsxanasında nə baş verir” başlıqlı yazılar dərc edilib.

 

Mətnləri eyni olan məqalələrdə qeyd edilən agentliklər Azərbaycan daxilində bəzi anti-Azərbaycan qüvvələr tərəfindən Taleh Bağırzadə və onun tərəfdarlarının guya həbsxanada “fiziki və psixoloji təzyiqlərə məruz qaldığı” ilə bağlı yayılmış və heç bir əsası olmayan məlumatları dərc ediblər. Hansı ki, bu iddialar öz əksini tapmayıb və qeyd edilən şəxslərin öz məhkumluq dövrlərini Azərbaycan Respublikasının qanunları çərçivəsində keçirdikləri bildirilir.

 

Agentliklər məqalədə Taleh Bağırzadəni “siyasi” və “vicdan məhbusu” kimi təqdim etməyə çalışaraq, onun  “rüşvətxorluğa qarşı mübarizə aparmaq, imam Hüseyn əzadarlığı, Allahın əmri olan hicabı müdafiə etmək və onu yaymaq” və s. bu kimi digər amillərə görə həbs edildiyini iddia ediblər. Halbuki Taleh Bağırzadə və ona yaxın şəxslər Azərbaycanın konstitusiya quruluşunu zorla dəyişmək və dini dövlət qurmaq, bu istiqamətdə silah və partlayıcı maddələr əldə etməklə ölkədə terror aktları törətməyə cəhd etdikləri üçün həbs ediliblər. Azərbaycan hüquq-mühafizə orqanlarının 2015-ci ildə Nardaranda bu radikal dini qruplaşmaya qarşı keçirdiyi əməliyyat nəticəsində isə 2 polis islamçıların odlu silahdan açdığı atəş nəticəsində həlak olmuşdular.  Bu isə bir daha Taleh Bağırzadənin Azərbaycan Respublikası ərazisində şəriət dövləti yaratmaq istiqamətində silahlı müqavimətə hazırlaşdığını bir daha nümayiş etdirirdi.

 

İran media orqanları məqalə içərisində Azərbaycanın konstitusiya quruluşuna da işarə edirlər və bildirirlər ki, “əslində tarixən şiəliyə əsaslanan zəngin mədəniyyət və tarixi olan Azərbaycan kimi ölkələrdə bu kimi addımlar (Taleh Bağırzadənin fəaliyyətləri-red.) milli təhlükəsizlik əleyhinə hesab edilə bilməz, əksinə, tam olaraq milli təhlükəsizliyə xidmət edir, əgər bu ölkənin hakimiyyəti öz mənfəətini xalqın dini və tarixi maraqlarına zidd olaraq müəyyən etməsə”. Burada İran mediasının hədəfi Azərbaycanın konstitusiyada sekulyar dövlət kimi nəzərdə tutulmasıdır. Agentliklər bununla ölkənin konstitusiyon quruluşuna müdaxilə edərək, əslində Azərbaycanda “şiə mərkəzli dini dövlət”in qurulmasının “daha doğru” olduğu fikrini təlqin edirlər.  

 

Yazıda həmçinin Azərbaycan xalqı da təhqir edilir, xalqın sekulyar həyat tərzi “yüngül həyat tərzi” kimi qələmə verilir. Belə ki, qeyd edilir ki, “rəqs etmək, spirtli içki qəbul etmək, eyş- işrətlə məşğul olmaq, eləcə də məst müğənniyə 100 dəfə qulaq asmağın əksinə olaraq, Allahdan, hicabdan, Allahın qayda- qanunlarından, Məhəmməd peyğəmdər və Fatimə Zəhra və imamlardan danışan insanlara diqqət ayrılmalıdır və onların qədri bilinməlidir”.

 

Agentliklər məqalənin digər bölmələrində də bu cür ifadələr səsləndirməklə, Azərbaycan xalqını kütləvi olaraq xaricdən idarə olunan, digər ölkələrin milli və regional maraqlarına xidmət edən düşüncə formalarının Azərbaycan Respublikasında tətbiq edilməsinə çalışan Taleh Bağırzadə kimi insanlara tam dəstək göstərərək, ölkəmizdə konstitusiya quruluşunu zorla dəyişdirərək, dini dövlət modeli yaratmağa çağırırlar.

 

Məqalənin sonlarında isə Azərbaycanın hakimiyyət orqanları təhdid edilir və bildirilir ki, onların “müsəlman cavanlara qarşı bu etdikləri bağışlanmaz günahdır” və “bu, regionun digər müsəlman ölkələri arasında ciddi narazılığa səbəb olacaq”.

 

Qeyd etmək lazımdır ki, İranın yuxarıda adları qeyd edilən KİV-lərindən başqa, bir sıra Azərbaycan üzrə istisaslaşmış digər informasiya resursları da müntəzəm olaraq Azərbaycan Respublikasına qarşı düşmən mövqeyi sərgiləyən silsilə yazılar dərc edirlər.

 

Ə.A

 

 

 

 

 

 

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN