İran parlamentinə və Xomeyni məqbərəsinə hücumda günahlandırılan 8 İŞİD-çi edama məhkum edilib

İran parlamentinə və Xomeyni məqbərəsinə hücumda günahlandırılan 8 İŞİD-çi edama məhkum edilib

 GünAzTV: Bir il əvvəl İran parlamentinə və islam respublikasının qurucusu Ruhullah Xomeyninin məqbərəsinə silahlı hücum edən 8 İŞİD-çiyə Tehranda hökm oxunub.

 

Bu barədə, Tehran inqilab məhkəməsinin sədri axund Musa Qəzənfərabadi mayın 13-də jurnalistlərə açıqlamasında məlumat verib.

 

O bildirib ki, hakim Əbülqasim Sələvatinin sədrliyi ilə keçirilən və iki həftə davam edən Tehran məhkəməsi, 8 iranlı İŞİD-çini yer üzündə fəsad törətməkdə günahlandıraraq ölümə məhkum edib: “Müttəhimlər, barələrində çıxarılan hökmə etiraz olaraq 20 gün ərzində apellyasiya şikayəti verə bilərlər. Bundan başqa, məhkəmənin qərarı ilə həmin şəxslərin əmlakının bir hissəsi də müsadirə ediləcək”.

 

                                                Axund Musa Qəzənfərabadi

 

Məhkəmə hakimi Sələvati isə jurnalistlərə deyib ki, ölkə parlamentinin binasına və Xomeyni məqbərəsinə hücumların təşkilində 26 nəfər iştirak edib: “Bu hücumlarda ümumiyyətlə 26 nəfər günahlandırılır. Onlardan 8-inin işinə artıq baxıldı və onlar ölümə hökmü edildilər. Digər 18 müttəhimin işinə də tədriclə baxılacaq”.

 

Sələvati, edama məhkum edilmiş 8 müttəhimin, eləcə də digər 18 İŞİD-çinin adlarını açıqlamayıb.

 

                                Məhkəmənin hakimi Əbülqasim Sələvati

 

 Xatırladaq ki, 2017-ci il, iyunun 7-si sübh saat 10.30 radələrində İran parlamentinə və Tehranın cənubunda “Behişti-Zəhra” qəbiristanlığında yerləşən Xomeyni məqbərəsinə qarşı silahlı hücum olub. 4 silahlı şəxs, İran parlamentinin giriş qapılarındakı mühafizəçi qüvvələrə tapança və kalaşnikovdan atəş açaraq deputatların toplandığı zala girməyə çalışıblar.  Atışma zamanı hücumçulardan biri özünü partladıb, 3-ü isə parlament binasının şimal hissəsindəki korpuslardan birinə qaçaraq 4-cü mərtəbədə mövqe tutub atışmanı 5 saata qədər davam etdiriblər.

 

Eyni hücum, Xomeyninin məqbərəsinə də edilib. Bir neçə silahlı şəxs məqbərəyə yaxınlaşaraq mühafizəçi qüvvələrə odlu silahlardan atəş açıblar. Hücumçulardan biri isə özünü partladıb. Hər iki olayda ən azı 17 nəfər həyatını itirib, 37 nəfər yaralanıb. Hadisədən az sonra İŞİD qruplaşması bəyanat yayaraq hər iki hücumun məsuliyyətini üzərinə götürüb.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN