İran parlamentinin 2 deputatı seldən ziyan çəkmiş bölgələrə xarici hərbi qüvvələrin dəvət olunmasına etiraz bildirib

İran parlamentinin 2 deputatı seldən ziyan çəkmiş bölgələrə xarici hərbi qüvvələrin dəvət olunmasına etiraz bildirib

GünazTV: İran parlamentinin 2 deputatı, Əbdülkərim Hüseynzadə və Bəhram Parsayi aprelin 18-də “Twitter” səhifələrində yazdıqları statuslarda seldən zərər çəkmiş bölgələrə xarici hərbi qüvvələrin dəvət olunmasına etiraz bildiriblər.

 

Yazdıqları statuslarda İraqın “Həşdəş-Şəbi” hərbi qüvvələrinin Xuzistan və Loristan əyalətlərinə gəlişini tənqid edən deputatlar bildiriblər ki, istənilən xarici hərbi qüvvələr yalnız İran hökumətinin və parlamentin icazəsi ilə ölkəyə gələ bilərlər.

 

İranın Sulduz (Nəqədə) şəhərindən parlamentə seçilən deputat Əbdülkərim Hüseynzadə bildirib ki, hökumətin və parlamentin icazəsi olmadan xarici hərbi qüvvələrin İran ərazisində yerləşdirilməsi ölkə konstitusiyasına qarşı zidd addımdır: “Məgər ordu və “Sepah”ın kifayət qədər gücü və qüvvəsi yoxdur. Biz seldən ziyan çəkmiş əhaliyə yardım üçün nə vaxt xalqa çağırış etdik ki, gələn olmadı və əvəzində “Həşdəş-Şəbi” və “Fatimiyyun” qüvvələri həmin bölgələrə gətirildi.

 

Lap tutaq ki, onların buraya gəlişinə ehtiyac var idi. Lakin sual ortaya çıxır ki, bu niyə hökumətin və parlamentin xəbəri və razılığı olmadan reallaşdırılmalıdır. Hesab edirəm ki, bu məsələdə ölkə konstitusiyasının 125 və 146-cı maddələrinə riayət edilməyib və bu atılan düşünülməmiş addımda həm milli birliyimiz, həm də konstitusiyamız nəzərə alınmayıb” –deyə Əbdülkərim Hüseynzadə əlavə edib.

 

Deputat Əbdülkərim Hüseynzadə

 

Həmçinin Şirazdan parlamentə seçilən deputat Bəhran Parsayi yazdığı statusda bildirib ki, xarici hərbi qüvvələrin ölkə konstitusiyasına riayət etmədən ölkə ərazisində fəaliyyət göstərməsi, hətta əgər seldən zərər çəkmiş insanlara yardım məqsədilə olsa belə, qəbuledilməzdir: “Ölkə sərhədlərimizə hörmət olunmalıdır. Ölkə ərazisində yerləşən bu qüvvələr əgər hərbi xarakter daşıyırsa, bu ölkə konstitusiyasının 146-cı maddəsinə zidd addımdır. Yox, əgər onlar iki ölkə arasındakı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərmək istəyirlərsə, bu konstitusiyaya əsasən ölkə parlamentinin razılığı və prezidentin imzası ilə mümkün olmalıdır” –deyə deputat Bəhram Parsayi vurğulayıb.

 

Deputat Bəhram Parsayi

 

Qeyd edək ki, son günlər “Sepah”ın “Qüds” qanadının komandanı Qasım Süleymaninin dəvəti və təşəbbüsü ilə İraqın “Həşdəş-Şəbi” və əfqanlı döyüşçülərdən ibarət “Fatimiyyun” briqadasının hərbi qüvvələri İranın seldən ziyan çəkmiş Xuzistan və Loristan əyalətlərinə yerləşdirilib. Xarici hərbi qüvvələrin ölkə ərazisində yerləşdirilməsi isə əhalinin və bir sıra rəsmi dairələrin etirazı ilə qarşılanıb.

 

Xuzistan və Loristan əhalisi və sosial şəbəkələrin istifadəçiləri isə xarici hərbi qüvvələrin bu iki əyalətdə yerləşdirilməsinə etiraz bildirirlər. Onlar hesab edirlər ki, hakimiyyətin həmin qüvvələri ölkəyə dəvət etməsində məqsədi, seldən ziyan çəkmiş insanlara yardım göstərmək üçün yox, onların rejimə qarşı mümkün kütləvi etiraz və üsyanını yerindəcə boğmaq üçündür.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN