İran prezidentinin qardaşı azadlığa buraxılıb

İran prezidentinin qardaşı azadlığa buraxılıb

GünAzTV: İran prezidentinin qardaşı və onun özəl köməkçisi Hüseyn Firudin azadlığa buraxılıb. Bu barədə İran saytları məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Hüseyn Firudin iyulun 17-si axşam saatlarında 50 milyard tümənlik dəyərində mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb. Onun son üç gündə “Sepah” ETTELAAT-ının təcridxanasında saxlanıldığı bildirilir.

 

Qeyd olunur ki, iyulun 17-i sübh saatlarında ifadə verməsi üçün hökumət işçilərinə məxsus prokurorluğa aparılan Hüseyn Firidunun səhhəti birdən-birə pisləşib və onun qan təzyiqi qalxıb. Səhhətindəki nasazlığı nəzərə alaraq Tehranın Dey özəl klinikasına aparılan İran prezidentinin qardaşı bir neçə saat həmin klinikada həkimlərin nəzarəti altında yatmalı olsa da, o həmin gün axşam saatlarında onudan tələb edilən 50 milyard tümənlik mülki vəsiqə girovu qoyaraq sərbəst buraxılıb. Məsələnin detalları mediaya açıqlanmayıb.

 

 

İran Məhkəmə Sisteminin sözçüsü axund Qulamhüseyn Möhsüni Ejei iyulun 16-da jurnalistlərlə görüşündə ölkə prezidentinin qardaşının həbsindən danışıb. O bildirmişdi ki, prezidentin qardaşı  iyulun 15-də bir sıra maliyyə məsələləri ilə əlaqədar əleyhinə sürülən ittihamlarla bağlı həbs edilib: “Onun müvəqqəti azadlığa buraxılması qarşılığında mülki girov vəsiqəsinin qoyulması tələb edilib. Lakin girov vəsiqəsi təmin edilmədiyinə görə o zindana köçürülüb. Vəsiqənin məbləği təmin ediləcəyi təqdirdə o, müvəqqəti olaraq sərbəst buraxılacaq”.

 

Möhsüni Ejei, öz açıqlamasında Hüseyn Firudinin işi ilə bağlı daha bir neçə nəfərin də həbs edildiyini bəyan etmişdi.

 

Xatırladaq ki, Hüseyn Firudin ötən ilin yayında bir sıra rəsmilərin tutduğu vəzifələrdən sui-istifadə edərək özlərinə astronomik maaşlar yazması məsələsində rolu olmaqda və Refah bankının rəisinin təyin edilməsində müdaxilədə günahlandırılsa da, o həmin ittihamları rədd etmişdi. Bəzi mənbələr isə onun tutduğu vəzifədən sui-istifadə etməkdə, maliyyə fırıldaqçılığında və dövlət əmlakını mənimsəməkdə günahlandırıldığını bildirirlər.

 

Hüseyn Firudinə qarşı irəli sürülən ittihamlar təzə olmasa da, onun məhz indi tutulması, “Sepah”ın, o cümlədən də hakimiyyətin dini liderə yaxın qatı mühafizəkar qanadından olan bəzi cərəyanların Həsən Ruhaniyə və onun hökumətinə təzyiqi kimi qiymətləndirilir.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN