İran rəsmiləri: "Amerikalılar bu arzularını gora aparacaqlar"

İran rəsmiləri:

GünAzTV: İran hökumətinin sözçüsü Məhəmmədbağır Nobəxt və dini lider Əli Xamneyinin beynəlxalq məsələlər ürə müşaviri Əli Əkbər Vilayəti ayrı-ayrılıqda jurnalistlərə açıqlamalarında Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin İranın hərbi mərkəzlərində baxış keçirməsinə qarşı çıxdıqlarını bildiriblər.

 

Avqustun 29-da jurnalistlərlə görüşən Məhəmmədbağır Nobəxt bildirib ki, İranın hərbi mərkəzləri sekretdir və heç kəsin onlarda baxış keçirməsinə yol vermək olmaz: “Bizim həm Xarici İşlər Nazirliyimiz, həm də digər rəsmilərimiz bildiriblər ki, ölkənin hərbi mərkəzləri sekret xarakteri daşıyır və onlara əl tapmaq və onlarda baxış keçirmək yalnız amerikalıların arzusudur. Bu isə qəbuledilməzdir. Biz, milli mənafeyimizlə birbaşa əlaqədə olan məsələrdə heç kəsə güzəştə gedə bilmərik”.

 

 

 

İranın dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli kbər Vilayəti isə avqustun 28-də jurnalistlərə açıqlamasında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haleyin məsələ ilə bağlı bir neçə gün əvvəl səsləndirdiyi bəyanatına toxunaraq deyib ki, amerikalıların bu arzusu heç vaxt çin olmayacaq: “Amerikalılar bu arzularını gora aparacaqlar. Onlar nüvə sazişi (Bərcam) bəhanəsi ilə və ya hər hansı başqa bir bəhanə və ad altında bizim milli təhlükəsizliyimizlə bağlı olan hərbi mərkəzlərimizdə baxış keçirə bilməyəcəklər. Biz onlara bu imkanı verməyəcəyik”.

 

                                                                       Əli Əkbər Vilayəti

 

Nikki Haley avqustun 25-də jurnalistlərə açıqlamasında Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin İranın hərbi mərkəzlərində baxış keçirməsinə şərait yaradılmasının vacibliyindən danışıb.

 

Bu açıqlaması, onun Vyanaya səfər edərək Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiyo Amano ilə məsələ ilə bağlı danışıqlar aparmasından iki gün sonraya təsadüf edib.

 

Rəsmi Tehranı, apardığı nüvə proqramı ilə bağlı “yalan danışmaqda" və "fırıldaqçılıqda” günahlandıran Haley bildirib ki, agentlik özünün bütün səlahiyyətlərindən istifadə edərək İranın Qərblə imzaladığı nüvə sazişinin şərtlərinə sadiq qalıb-qalmamasından əmin olmalıdır: “Hesab edirik ki, Beynəlxalq Atom Enerjisi Agentliyi, müfəttişlərinin İranın hərbi mərkəzlərində baxış keçirməsinə icazə verməsi üçün rəsmi Tehrana təzyiq göstərməlidir.

 

Mən agentliyə tam inanıram. Lakin agentlik bilməlidir ki, o, apardığı gizli nüvə fəaliyyəti barədə açıq-aşkar yalan danışmaqda və fırıldaqçılıqda böyük bir stajı olan bir ölkə ilə üz-üzədir. Elə buna görə də düşünürəm ki, agentlik bütün imkanlarını səfərbər edərək İranın nüvə proqramını düzgün məcrada aparıb-aparmamasını yoxlamalıdır”.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN