İran rəsmisi: “Böyük Britaniya ifritəsi bölgəyə səfərində başından yekə danışıb”

İran rəsmisi: “Böyük Britaniya ifritəsi bölgəyə səfərində başından yekə danışıb”

GünAzTV: İran Silahlı Qüvvələri baş qərargahının “Xatəm ül Ənbiya” bölməsinin dəyərləndirmə heyətinin rəisi Əbdüləli Purşasb dekabrın 13-də ordunun quru qüvvələrinin keçirdiyi hərbi təlimlərinin üçüncü günündə çıxış edərək Böyük Britaniyanın baş naziri Tereza Meyə qarşı sərt və etikadan kənar bəyanatlar səsləndirib.

 

Tereza Meyin ötən həftə regiona səfərinə və onun Bəhreyndə keçirilən Körfəz Əməkdaşlıq Şurasına üzv ərəb ölkələrinin xarici işlər nazirlərinin toplantısına qatılmasına toxunan Əbdüləli Purşasb, Böyük Britanıyanın yeni baş nazirini “İfritə” adlandırıb: “Bu hərbi təlimləri keçirməkdə məqsəd, İran silahlı qüvvələrinin hərbi gücünü bölgəyə və dünyaya göstərməkdir. Dünya bilməlidir ki, bizim silahlı qüvvələrimiz ayıq-sayıqdır və həmişə hazır vəziyyətdədir. Gördüyünüz kimi, bir neçə gün əvvəl qoca tülkünün, yəni Böyük Britaniyanın ifritəsi regiona səfərində, başçından yekə danışdı. Bizim isə keçirdiyimiz bu hərbi təlimlər onun son bəyanatına bir cavabdır”.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Körfəz Əməkdaşlıq Şurasının Mənamədə keçirilən növbəti toplantısına qatılmaq üçün Bəhreynə səfər edən Böyük Britaniyanın baş naziri Tereza Mey, dekabrın 7-də “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində İranın regiondakı ərəb ölkələrinin daxili işlərinə müdaxiləsinin ciddi narahatlığa səbəb olduğunu bildirmişdi. O demişdi ki, körfəzin təhlükəsizliyinin qorunub saxlanılmasını və onun çiçəklənməsini öz ölkəsinin təhlükəsizliyinin qorunması və inkişafı sayır: “Biz, İranın regionda altdan-altdan apardığı təxribat xarakterli fəaliyyətindən və onun bölgə ölkələrinin daxili işlərinə müdaxiləsindən narahatlıq hissi keçirir, bu baxımdan ərəb ölkələri ilə eyni fikirdəyik. Çünki körfəz ölkələri, İranın əksinə olaraq bizim strateji tərəfdaşlarımızdır.

 

Hesab edirəm ki, biz təhlükəsizlik məsələləri ilə əlaqədar, eləcə də terrorizmlə bağlı təhdidlərin qarşısını almaq üçün bir-birimizlə əməkdaşlıq etməliyik. Bu baxımdan, biz İranın regiondakı hücumçu addımlarını zərərsizləşdirmək üçün körfəz ölkələrinə yardım edirik. Düşünürəm ki, İranın təhdidləri qarşısında bizim birgə strateji plan və proqramımız olmalı, bu barədə birgə iş aparmalıyıq”.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN