İran rəsmisi: “İraq hökumətinin Kürdistan Muxtariyyətinə qarşı hegemonluğu daha da artacaq”

İran rəsmisi: “İraq hökumətinin Kürdistan Muxtariyyətinə qarşı hegemonluğu daha da artacaq”

GünAzTV: İran ordusu baş komandanının canişini Əhmədrza Purdəstan oktyabrın 20-də Tehranın “İmam Sadiq” Universitetində keçirilən bir tədbirdə çıxış edərək ölkənin qərbi sərhədlərindəki durumdan və İraq Kürdistanındakı vəziyyətdən danışıb.

 

Purdəstan bildirib ki, bir ay əvvəl İraq Kürdistanında keçirilmiş referendum, Amerikanın yeni Orta Şərq planının gerçəkləşdirilməsinə yardım edən bir hərəkət idi: “Amerikalılarla israillilər Suriya və İraqda uğursuzluqla üzləşdikdən sonra yeni Orta Şərq planını İraq Kürdistanından başladılar. Məqsədləri isə orada təhlükəsiz bir zona yaradaraq özlərinin şər siyasətini həmin məntəqədən başlamaq idi.

 

Lakin Allaha şükürlər olsun ki, İran İslam Respublikası bu məsələnin qarşısını almaq üçün yaxşı mövqe tutdu. Belə ki, İran, İraq və Türkiyə arasında bir növ yekdillik yaranaraq qarşılıqlı bir əlaqə yarandı və bu yekdillik, hamının gördüyü kimi İraq Kürdistanının əvvəlki mövqeyindən geri çəkilməsinə səbəb oldu. Məhz buna görə də, bu gün biz bölgədə bir növ nisbi asayiş və sabitliyin bərqərar olmasının şahidiyik. Sözsüz ki, qarşıdan gələn günlərdə İraq hökumətinin Kürdistan Muxtariyyəti hökumətinə qarşı hegemonluğu daha da artacaq. Bizim qərbi sərhədlərimizdəki vəziyyətdən heç bir nigarançılığımız yoxdur. Qərb və Şimal-Qərb sərhədlərimizdə vəziyyət sabitdir və durum tam nəzarətdə saxlanılır”.

 

Xatırladaq ki, sentyabrın 25-də İraq Kürdistan Muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilib və səsverməyə qatılanların 92 faizindən çoxu müstəqilliyin lehinə səs verib. 

 

Bir neçə gün əvvəl isə İraq ordusu, “Həşdi-Şəəbi” qüvvələrinin iştirakı ilə keçirdiyi birgə əməliyyatda, Kürdistan Muxtariyyəti peşmərgələrinin işğalında olan Kərkük şəhərini, hava limanını və bu məntəqədə olan neft quyularını yenidən ələ keçirib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN