İran rəsmisi: “Koronavirusa yoluxanlardan 26 min nəfəri hələ də xəstəxanalarda yatır”

İran rəsmisi: “Koronavirusa yoluxanlardan 26 min nəfəri hələ də xəstəxanalarda yatır”

GünazTV: İran rəsmilərinin ölkədə koronavirus qurbanlarının sayı barədə ziddiyyətli açıqlamalar verməsi davam edir.

 

Martın 22-də Babol şəhərinin Tibb Elmləri Universitetinin rəyasət heyətinin toplantısına qatılan İran səhiyyə nazirinin müavini Qasım Canbabayi iclasda etdiyi çıxışında ölkədə koronavirusa yoluxma səbəbi ilə xəstəxanalarda müalicə alan xəstələrin sayını açıqlayıb.

 

O deyib ki, İranda koronavirusun yayılmağa başladığı gündən virusa yoluxanların təxminən yarısı müalicə aldıqdan sonra evə buraxılıblar : “Hazırda ölkədə koronavirusa yoluxanlardan 26 min nəfəri hələ də xəstəxanalarda yatır, xəstələrin 50 faizi də sağaldıqdan sonra evlərinə buraxılıblar.

 

Virusdan həyatını itirənlərin yaş həddinə gəlincə, ölənlərin əksəriyyəti 40-60 yaş arasında olan xəstələrdir” -deyə, İran səhiyyə nazirinin müavini Qasım Canbabayi bəyan edib.

 

Öz çıxışında koronavirusdan ölənlərin ümumi sayına toxunmayan Qasım Canbabayinin bu açıqlamasından isə, İranda təxminən 52 min nəfərin “Covid-19” virusuna yoluxduğu aşkar edilir. Bu isə, İran Səhiyyə Nazirliyi rəsmilərinin ölənlər və yoluxanların sayı barədə gündəlik yaydıqları statistikanı ciddi sual altına qoyur.

 

Belə ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 22-də mediaya açıqlamasında ölkədə koronavirus qurbanlarının yeni statistikasını yayaraq, dünənə qədər İranda “Covid-19” virusundan ölənlərin ümumi sayının 1685 nəfərə, yoluxanların sayının isə 21638-ə çatdığını bildirib.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN