İran rəsmisi nüvə sazişi ilə bağlı öhdəliklərin azaldılması üçün növbəti addımı atacaqları ilə təhdid edib

İran rəsmisi nüvə sazişi ilə bağlı öhdəliklərin azaldılması üçün növbəti addımı atacaqları ilə təhdid edib

GünazTV: İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi oktyabrın 6-da jurnalistlərə açıqlamasında ölkəsinin nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri daha azaltmaq üçün növbəti addım atacaqları ilə təhdid edib.

 

Kəmalvəndi deyib ki, əgər Avropa tərəfi sazişlə bağlı İrana verdiyi vədlərin icrası üçün konkret addım atmasalar, rəsmi Tehran razılaşma ilə bağlı üzərinə götürdüyü öhdəlikləri azaltmaq məqsədilə növbəti addımlar atacaq: “Ölkə liderinin də dediyi kimi bizim şüarımız “Nüvə texnologiyası hamı üçün, nüvə silahı isə heç kəs üçün”dür. İran, Amerikanın birtərəfli olaraq nüvə razılaşmasından çıxmasına cavab olaraq, sazişlə bağlı üzərinə götürdüyü öhdəliklərin bir hissəsini azaltmaq barədəki qərarını bir illik strateji səbr və dözümdən sonra verib. Məqsədimiz isə hüquqla öhdəliklər arasında müvazinət yaratmaqdır” –deyə İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi əlavə edib.

 

Qeyd edək ki, Avropa İttifaqı ötən həftə xəbərdarlıq edib ki, əgər İran nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri azaltmaq üçün yeni bir addım atsa, sazişi imzalamış Avropa ölkələri bu razılaşmadan çıxmaq məcburiyyətində qalacaqlar.

 

Bundan əvvəl, İran Avropa ölkələrini sazişlə bağlı üzərlərinə götürdükləri öhdəliklərə əməl etməməkdə və onların İrana verdyi iqtisadi vədləri yerinə yetirməməkdə günahlandıraraq, sazişlə bağlı üzərinə götürdüyü öhdəlikləri azaltmağa başlayıb. Daha doğrusu, İran öz nüvə təsisatlarında uranı yüksək dərəcədə zənginləşdirməklə bağlı fəaliyyətini bərpa edərək, daha inkişaf etdirilmiş yeni sentrifuqalar quraşdırmağa başlayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN