İran rəsmisi: “Ölkə lideri nə vaxt əmr etsə, “Fordu” təsisatında fəaliyyətin yenidən bərpa olunması proqramını elan edəcəyik”

İran rəsmisi: “Ölkə lideri nə vaxt əmr etsə, “Fordu” təsisatında fəaliyyətin yenidən bərpa olunması proqramını elan edəcəyik”

 GünAzTV: İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi iyunun 13-də jurnalistlərə açıqlamasında uranın zənginləşdirilməsi üçün “Fordu” nüvə təsisatının fəaliyyətinin yenidən bərpası ilə bağlı aparılan hazırlıq işlərindən danışıb.

 

O bildirib ki, “Fordu” təsisatının fəaliyyətinin bərpası, ölkə lideri Əli Xamneyinin bu barədə verəcəyi göstərişindən asılıdır: “Ölkə lideri (Əli Xamneyi) nə vaxt əmr etsə, uranın zənginləşdirilməsi üçün “Fordu” təsisatında fəaliyyətin yenidən bərpa olunması proqramını elan edəcəyik. Dini liderin verdiyi göstərişə əsasən, proqramlar hələlik nüvə sazişi (“Bərcam”) çərçivəsində aparılır. Lakin əmr edəcəyi təqdirdə, “Fordu” təsisatının sazişdən (“Bərcam”dan) kənar fəaliyyət proqramını açıqlayacağıq”.

 

Qum şəhəri yaxınlığında dağlar arasında və yerin altında tiklilmiş "Fordu" təsisatı

 

Xatırladaq ki, Qərblə İran arasında nüvə sazişi imzalanmasından əvvəl, “Fordu” təsisatında uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətin dayandırılması, dünya ictimaiyyətinin İrandan istədiyi əsas tələblərdən biri idi. İmzalanan sazişdə, həmin təsisatda fəaliyyətin tamamilə dayandırılması qeyd olunmuşdu.

 

Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN