İran rəsmisi: “Prezident seçkilərinin nəticələri tədrici şəkildə elan ediləcək”

İran rəsmisi: “Prezident seçkilərinin nəticələri tədrici şəkildə elan ediləcək”

GünAzTV: İran daxili işlər nazirinin canişini Məhəmmədhüseyn Moqimi mayın 18-də jurnalistlərə açıqlamasında cümə günü İranda keçiriləcək prezident seçkilərindən və seçkilərin nəticəsinin necə elan ediləcəyindən danışıb.

 

Moqimi bildirib ki, İranın Konstitusiyaya Nəzarət Şurasının təklifi ilə seçkilərin nəticələri bir dəfəlik yox, tədrici şəkildə elan ediləcək: “Daxili İşlər Nazirliyi,  səslərin sayının tədricən elan edilməsi işi ilə razı olduğu üçün, biz Konstitusiyaya Nəzarət Şurasının təklifini qəbul etdik. Beləliklə də seçkinin nəticələri bir yerdə yox, tədrici şəkildə elan ediləcək”.

 

Qeyd edək ki, İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli mayın 17-də jurnalistlərə açıqlamasında sandıqlara salınan səslərin sayının bir yerdə elan ediləcəyini bildirsə də, bəzi rəsmilərin etirazı ilə qarşılanmışdı.

 

Həmin gün, İranın Konstitusiyaya Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudai jurnalistlərə açıqlamasında daxili işlər nazirinin bu qərarına reaksiya verərək ona qarşı çıxmışdı: “Biz, Daxili İşlər Nazirliyinə təklif edirik ki, prezident seçkilərinin həssaslığını nəzərə alaraq seçkinin nəticələri tədricən elan edilsin. Bu daha məqsədəuyğundur”

 

İranda növbəti prezident seçkiləri bu həftənin cümə günü (mayın 19-da) keçiriləcək.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN