İran rəsmisi: “Üç yeni nəsildə olan sentrifuqaların təqdimatı keçiriləcək”

İran rəsmisi: “Üç yeni nəsildə olan sentrifuqaların təqdimatı keçiriləcək”

GünazTV: İranın Atom Enerjisi Təşkilatının sədr müavini Əli Əsgər Zarean yaxın günlərdə ölkənin Ərak reaktoru təsisatında yeni sentrifuqaların işə salınacağından xəbər verib.

 

Oktyabrın 20-də İranın nüvə sənayesi sahəsindəki nailiyyətləri barədə Kirmanda keçirilən 48-ci sərginin açılış mərasimində çıxış edən Əli Əsğər Zarean deyib ki, rəsmi Tehran qarşıdan gələn iki həftə ərzində Ərak reaktoru təsisatında üç yeni nəsildə olan sentrifuqalar işə salacaq: “İranın nüvə sənayesi sahəsindəki fəaliyyətləri 100% daxili mütəxəssislərin əməyi hesabına aparılır. Bir sözlə, sentrifuqa cihazlarının hamısı artıq ölkə daxilində istehsal edilir və bu baxımdan biz xarici ölkələrdən asılı deyilik və öz ayaqlarımızın üstündə durur, daxili gücümüzə güvənirik.

 

Hazırda Nətənz və Fordu təsisatlarında artıq minlərlə sentrifuqa istifadəyə verilib. Bu il isə biz 50 ton yerli urandan istifadə edəcəyik. Bundan başqa biz bir sıra ölkələrə “ağır su” da ixrac edirik” –deyə İranın Atom Enerjisi Təşkilatının sədr müavini Əli Əsgər Zarean əlavə edib.

 

 

Qeyd edək ki, İran nüvə sazişini imzalamış Avropa ölkələrini razılaşma ilə bağlı öhdəliklərinə əməl etməməkdə və İrana verdikləri iqtisadi vədləri yerinə yetirməməkdə günahlandıraraq, son aylar saziş şərtlərinin icrası ilə bağlı üzərinə götürdüyü öhdəlikləri mərhələli şəkildə azaltmağa başlayıb.

 

Bunun müqabilində isə Avropa ölkələri İrana xəbərdarlıq edərək bildiriblər ki, əgər Tehran öhdəliklərini daha azaltmaq üçün növbəti addımını atsa, onlar da nüvə sazişindən çıxmaq məcburiyyətində qalacaqlar.  

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN