İran sanksiyalardan sonra Hizbullah və “Həşdəş-Şəbi” üzvlərinin muzdlarını ödəyə bilmir

İran sanksiyalardan sonra Hizbullah və “Həşdəş-Şəbi” üzvlərinin muzdlarını ödəyə bilmir

GünAz TV: Amerika Birləşmiş Ştatlarının rəsmi İrana qarşı tətbiq etdiyi sanksiyalar bu ölkənin regionda silahlandırdığı və maliyyələşdirdiyi qruplaşma üzvlərinə aylıq göndərdiyi muzdlara təsir göstərib.

 

Yayılan məlumatlara əsasən, sanksiyalardan sonra İran Hizbullah və “Həşdəş-Şəbi” kimi terror qruplaşmalarına pul ayıra bilmir. Rəsmi Tehranın regionda ən yaxın müttəfiqi olan Hizbullahın buna görə böyük maliyyə problemləri ilə üzləşdiyi deyilir.  

 

Bir çox xarici KİV-lərin məlumatına görə, İran İraqda fəaliyyət göstərən şiə yaraqlılarından ibarət qruplaşma- “Həşdəş-Şəbi”nin üzvlərinə aylıq muzd verə bilmədiyindən, “Sepah”a bu ölkəyə kartof və soğan ixrac edərək, onların satışından əldə edilən gəlirlərlə qruplaşma döyüşçülərinin gələcək aylardakı muzdlarını ödəmək səlahiyyəti verib.  

 

“New-York Times” isə məsələ ilə bağlı yayımladığı reportajda qeyd edib ki, sanksiyalar Suriyada İrana bağlı yerli əhalidən və əfqanlardan ibarət qruplaşmalara ödənilən muzdlaradan da yan keçməyib. Belə ki, son aylar ərzində yaraqlılara vəd edilən məbləğlərin həcmində ciddi azalma müşahidə olunub.

 

Qeyd etmək lazımdır ki, 2018-ci ilin May ayında ABŞ  İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasından çıxaraq, rəsmi Tehrana qarşı sanksiyalar qəbul edib. İki mərhələdən ibarət olan sanksiyalar paketinin qəbulundan sonra İran iqtisadiyyatı iflic vəziyyətə düşüb.

 

Suriyada İranın maliyyələşdirdiyi qruplaşmalardan birinin tərkibində döyüşən suriyalının “Nyu-York Times”ə dediyinə görə, “İran üçün qızıl günlər sona çatdı və bir daha geri qayıtmayacaq”. O əlavə edib ki, aylıq olaraq aldığı muzdun indi 1/3-in ala bilir və İran özünə bağlı qüvvələri maliyyələşdirməyə qadir deyil.

 

Hazırda sanksiyaların təkcə İrana deyil, onun regionda müttəfiqləri hesab edilən qüvvələrə də ciddi təsir göstərdiyi nəzərə çarpır. Daha öncələr İsrail ilə müharibələr aparan, son dövrlər isə Suriya vətəndaş münaqişəsinə qatılan Livan Hizbullahının bu münaqişədəki gələcək taleyi sual altına düşüb.

 

Hətta iş o yerə çatıb ki, Hizbullahın baş katibi Həsən Nəsrullah tərəfdarlarına müraciət edərək, onları öz malları ilə “cihad”a- yəni təşkilata pul yardımı etməyə çağırıb. Qərb mənbələri isə maliyyə problemlərinin Nəsrullahı dilənməyə vadar etdiyini bildirirlər.

 

Digər tərəfdən, Tramp administrasiyası bütun bu halları nəzərə alaraq, sanksiyaların effektiv olduğu qənaətindədir. Bir neçə gün öncə amerikalı rəsmilərdən biri may ayında ABŞ-ın nüvə razılaşmasından çıxmasının 1-ci il dönümündə İran iqtisadiyyatına qarşı yeni sanksiyaların qəbul edəcəyini bildirib. Rəsmi Vaşinqton hər zaman sanksiyaların səbəbinin İranın terror qruplaşmalarına göstərdiyi dəstəyə son verməsi üçün qəbul edildiyini bəyan edir.

 

Suriyada vətəndaş müharibəsi başlayandan İran öz geostrateji maraqlarını təmin etmək üçün bu ölkədə 10 milyardlarla dollar vəsait xərcləyib. Amma son aylar ərzində İran hətta Suriyanın şimal qərbində tikilməsi nəzərdə tutulan elektrik stansiyasının maliyyələşdirilməsini həyata keçirə bilməyib. Bundan başqa, rəsmi Tehran Suriyanı gündəlik təlabat mallarını ilə təmin edəcəyi ilə bağlı bu ölkənin rəsmilərinə verdiyi vədləri də maliyyə problemi səbəbindən tuta bilməyib.

 

Xatırladaq ki, İran uzun illərdir regionun digər ölkələrini öz nüfuz dairəsində saxlamaq üçün orada silahlı birləşmələr, eləcə də daxili münaqişələr yaradır və ya yaranmış münaqişələrdən öz siyasi maraqları üçün istifadə edir. Livan Hizbullahı, Həmas, “Həşdəş-Şəbi”, husilər hərakatı və digər analoji kimi silahlı qruplaşmalar bu istiqamətdə İran maraqlarına xidmət edirlər.

 

“Nyu-York Times”in bu qruplaşmalarda döyüşən yaraqlıların bəzilərinə istinadən verdiyi məlumata görə, son aylar ərzində onların muzdlarının kəsilməsindən başqa, qəbul etdiyi qida məhsullarında da keyfiyyət aşağı düşüb. Belə ki, yaraqlılara verilən yeməklərə əlavə edilən ətlər azaldılıb, ya da yeməklərdən tamamilə çıxarılıb, onun yerini kartof və digər bitkilər tutub.    

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN