İranda 12 uşaq dərman qatışığı olan şirniyyatlardan zəhərlənib

İranda 12 uşaq dərman qatışığı olan şirniyyatlardan zəhərlənib

GünAz TV: İranın Kirman şəhərində 12 uşaq tərkibində dərman qatışığı olan şirniyyatdan zəhərlənib.

 

Bu gün İranın Qida və Dərman Təşkilatı bəyanat yayaraq, dərmanın istehsaldan sonra, yəni paylama mərhələsində qeyri- müəyyən şəxslər tərəfindən kekslərin tərkibinə əlavə olunduğunu iddia edib.

 

Ötən günlər ərzində İranın Kirman, Hörmüzqan və Xuzistan kimi əyalətlərində satılan külçə və kekslərin tərkibində mütəlif rəngli dərmanların olması ilə bağlı foto və videolar yayılıb.

 

Kirman Tibb Elmləri İnstitutunun sözçüsü Məhəmməd Sabiri sözügedən qida məhsullarından yeyən 7 uşağın zəhərlənməsini təsdiqləyib. O qeyd edib ki, kekslərdən yeyən həmin uşaqlarda cuzi zəhərlənmə və yuxululuq kimi hallar müşahidə edilib və hazırda vəziyyətləri stabildir.

 

Bu gün “İrna” agentliyi Rəfsəncanın “Əli ibn Əbu Talib” xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmmədhüseyn Müqəddəmə istinadən həmin bölgədə ötən axşam 5 uşağın eyni qida məhsulundan zəhərləndiyi barədə məlumat yayıb.

 

Müqəddəmin iddiasına əsasən, uşaqların yediyi biskviti onlara Larican qəbirsanlığında ehsan verən 1 şəxs verib.

 

“Həmin əsnada uşaqlardan biri biskvitin arasında dərmanların olduğunu görüb. Bundan sonra biskviti yemiş bütün uşaqları xəstəxanaya gətiriblər. Amblator müalicə edildikdən sonra uşaqlar evə buraxılıblar”, deyə Məhəmmədhüseyn Müqəddəm əlavə edib.

 

Qida və Dərman Təşkilatının sözçüsü Kiyanuş Cahanpur isə bu gün verdiyi açıqlamada dəfələrlə iddia edib ki, dərmanlar şirniyyatların içərisinə istehsal prosesi zamanı deyil, paylanma mərhələsində “digər qüvvələr” tərəfindən qəsdən əlavə edilib. O, bir neçə gün öncə bu məsələni “şaiyəyə yaxın və təhlükəsizlik məsələsi” adlandırmışdı.

 

Mövzu ilə əlaqəli danışan digər əlaqəli orqanların rəsmiləri də dərmanların kekslərin içərisinə istehsal prosesindən sonra kimlərsə tərəfindən qəsdən yerləşdirildiyini deyiblər.

 

Qeyd etmək lazımdır ki, biskvitlərin içərisinə qatışdırılmış dərmanların içərisində narkotik tərkibli dərmanların olduğu da deyilir. İran rəsmiləri hələ ki, bu şirniyyatların hansı şirkətlərin məhsulları olduğunu açıqlamırlar.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN