İranda 14 qadın fəalı birgə bəyanat yayaraq Xamneyinin istefaya getməsini tələb ediblər

İranda 14 qadın fəalı birgə bəyanat yayaraq Xamneyinin istefaya getməsini tələb ediblər

GünazTV: İranda qadınların hüquqları sahəsində fəaliyyət göstərən 14 qadın fəalı “Telegram” sosial şəbəkəsində birgə bəyanat yayaraq, İranın dini lideri Əli Xamneyinin tutduğu vəzifədən istefa verməsini və islam respublikasına son qoyulmasını tələb ediblər.

 

Bəyanatda hakim ruhanilərin son 40 ildə ölkə qadınlarının bütün hüquqlarını əzməsi pislənilərək deyilir ki, İranın dini lideri Əli Xamneyi istefaya getməli, islam respublikası ləğv edilməli, ölkə üçün yeni bir konstitusiya (Ana yasa) yazılıb hazırlanmalıdır: “İslam Respublikası bərqərar edildikdən sonra biz İran qadınlarının ibtidai və insani hüquqları əllərindən alınıb, bizim cinsiyyətimiz və qadın kimliyimiz mütləqiyyətə söykənən hakim “Vilayəti-fəqih” sisteminin və mövcud patriarxat mədəniyyəti və baxış tərzinin əsiri olub. Həmin müddətdə isə cinsi ayrı-seçkiliyə etiraz edən hər kəs ya təhqir və təhdid edilib, ya da həbsə salınaraq döyülüb, işgəncə edilib və yaxud edam edilib.

 

Təəssüflər olsun ki, hazırda dünyanın bir çox ölkələrində qadınlar siyasi, iqtisadi, elmi, mədəni, incəsənət və idman sahələrində kişilərlə çiyin-çiyinə irəlilədiyi bir vaxtda islam respublikasında qadınlar hələ də öz ilkin insani hüquqları uğrunda çalışır, dinc mübarizə aparırlar. Biz qadınlar ayağa qalxaraq, bizim insani dəyərlərimizi məhv edən fiqh sisteminin patriarxat baxış tərzinə  söykənən islam respublikasının tamamilə aradan qaldırılaraq ləğv edilməsini və ölkəyə yeni bir Ana yasa yazılmasını tələb edirik.

 

Biz, ölkədə elə bir sistemin bərqərar olunmasını istəyirik ki, biz qadınların kimliyini, insani dəyərlərimizi və bütün sahələrdəki hüquqlarımızı tanısın və ona hörmətlə yanaşsın. Biz qadın hərəkatının fəalları olaraq, bir daha bildiririk ki, ruhanilərin hakimiyyətdə olduğu son 40 ildə islam respublikası və onun başçıları qadınlara zidd qanunlar qəbul edib repressiya siyasəti yürütməklə ölkə qadınlarını cəmiyyətdən uzaqlaşdırıb, onları məhdudlaşdırıb. Bu ağır vəziyyətin davam etdirilməsi isə artıq bizim üçün dözülməzdir. Məhz buna görə də, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi əsasında gender bərabərliyinə inanan biz qadınlar, ölkədə sekulyar-demokrat bir hakimiyyətin bərqərar olunmasını tələb edirik. Elə bir sistem və hakimiyyət ki, ölkə qadınlarının bütün hüquqlarını tanımaqla yanaşı, həm də ona riayət etsin” –deyə bəyanatda vurğulanır.

 

Bəyanatı imzalayan qadın fəalları bunlardır: Şəhla İntisari, Nüsrət Beheşti, Firiştə Təsvibi, Pərva Paçidə, Giti Purfazil, İzzət Cavadi Hisar, Zəhra Camali, Şəhla Cahanbin, Fatimə Sepehri, Məryəm Süleymani, Susən Tahirxani, Firəngiz Məzlum, Nərgiz Mənsuri və Kimiya Novruzi Sabir.

 

 

Qeyd edək ki, Xamneyinin istefaya getməsi tələbi ilə iki ay əvvəl də 14 tanınmış siyasi və ictimai fəal və ziyalılar buna oxşar bəyanat yaymışdı. Həmin bəyanatın yayılmasından sonra bəyanatı imzalayanlardan bir neçəsi həbs edilərək işgəncə edilib, bəziləri isə telefonla təhdid edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN