İranda 210 deputat birgə bəyanat yayaraq İraq Kürdistanında keçirilmiş müstəqillik referendumu pisləyib

İranda 210 deputat birgə bəyanat yayaraq İraq Kürdistanında keçirilmiş müstəqillik referendumu pisləyib

GünAzTV: İran parlamentinin 210 deputatı sentyabrın 27-də birgə bəyanat yayaraq İraq Kürdistanında keçirilmiş müstəqillik referendumu pisləyib.

 

Bəyanat, İraq Kürdistanındakı referendumu müzakirə etmək üçün İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxaninin iştirakı ilə həmin gün parlamentdə keçirilmiş qapalı iclasından sonra qəbul edilib. Qapalı iclasda, Əli Şəmxani bölgədəki son durumu və İraq Kürdistanındakı vəziyyəti şərh edərkən onun müstəqilliyinin qarşısını almaq üçün görüləcək işlərdən danışıb.

 

İranlı deputatların yaydığı birgə bəyanatda bildirilir ki, İraq Kürdistanında keçirilmiş referendum qanunsuzdur və İraqın mərkəzi hökumətinə qarşı planlaşdırılmış növbəti bir fitnə və intriqadır: “Biz İraq hökuməti və parlamentinin Kürdistanda keçirilmiş referendumu qanunsuz saydığını və bu barədə qəti mövqe bildirdiyini, eləcə də BMT-nin məsələ ilə bağlı şəffaf mövqeyini nəzərə alaraq hesab edirik ki, İraqda hər hansı yeni bir böhranın yaranması, bu ölkənin demokratik inkişaf yoluna bir zərbədir. Düşünürük ki, bölgədə separatçılığa yol açan hər hansı bir hərəkət, həm İraq millətinin, həm də bütün regionun ziyanınadır. 

 

Biz, İran parlamentinin deputatları olaraq, İraq Kürdistanı rəhbərliyinin referendumla bağlı addımını pisləyir, İraq hökumətinə və onun parlamentinə dəstək verdiyimizi bildiririk. Biz həmçinin İran hökumətindən, İraqın mərkəzi hökumətinin məsələ ilə bağlı xahişini nəzərə alaraq bu sahədə rəsmi Bağdadla əməkdaşlıq etməsini, sionistlərin qonşu İraqda macəraçılıq etməsinə imkan verməməsini tələb edirik”.

 

Qeyd edək ki, İraq Kürdistanında müstəqilliklə bağlı referendum sentyabrın 25-də keçirilib. İlkin nəticələrə əsasən, səsvermə hüququna malik olan kürdlərin 72 faizi seçkiyə qatılıb. Seçkidə səs verənlərin isə 93 faizi Kürdistanın İraqdan ayrılaraq müstəqilliyə qovuşmasına səs verib.

 

  

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN