İranda 6 nəfərin prezidentliyə namizədliyi rəsmən təsdiqlənib. Əhmədinejadın isə namizədliyi rədd edilib

İranda 6 nəfərin prezidentliyə namizədliyi rəsmən təsdiqlənib. Əhmədinejadın isə namizədliyi rədd edilib

GünAzTV: İranın Konstitusiyaya Nəzarət Şurası aprelin 20-si axşam saatlarında bəyanat yayaraq 6 nəfərin prezidentliyə namizədliyinin rəsmən təsdiqləndiyini açıqlayıb. Keçmiş prezident Mahmud Əhmədinejadın isə namizədliyi rədd edilib.

 

Prezidentliyə namizədliyi təsdiqlənənlər isə bunlardır: Həsən Ruhani, İshaq Cahangiri, İbrahim Rəisi, Məhəmmədbağır Qalibaf, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba. Beləliklə də qarşıdan gələn seçkilərdə, prezidentlik uğrunda rəqabət bu altı namizəd arasında aparılacaq.

 

Namizədlər arasında İran prezidenti Həsən Ruhanidən başqa, İshaq Cahangiri vitse-prezident, İbrahim Rəisi Məşhəddəki “Astan-i Qüdsi Rəzəvi”nin rəhbəri, Məhəmmədbağır Qalibaf Tehran meri, Mustafa Mirsəlim, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü vəzifələrində çalışırlar. Digər namizəd, Mustafa Haşimi Təba isə keçmişdə iki dəfə nazir postunda və digər vəzifələrdə çalışıb.

 

Prezidentliyə namizədliyi rədd edilən tanınmış şəxslər arasında isə Mahmud Əhmədinejaddan başqa, onun dəstəklədiyi Həmid Bəqayi, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun keçmiş rəisi Haşimi Rəfsəncaninin qardaşı, Məhəmməd Haşimi və başqaları da var.

 

Əhmədinejadın isə prezidentliyə namizədliyinin rədd edilməsi xəbərinə reaksiyası barədə hələlik hər hansı bir məlumat yayılmayıb.

 

Əhmədinejad, aprelin 17-də Çinin “Foniks” telekanalına müsahibəsində onun namizədliyinin mümkün ləğvi ehtimalı ilə bağlı səslənən bəyanatlara münasibət bildirmişdi: “Konstitusiyaya Nəzarət Şurasının mənim prezidentliyə namizədliyimi ləğv etməsinə hər hansı bir səbəb və əsas yoxdur”.

 

O, “Əgər İranın Konstitusiyaya Nəzarət Şurası prezidentliyə namizədliyinizi ləğv etsə, sizin buna reaksiyanız necə olacaq” sualını isə “Bir az səbirli olun. Vaxtı çatanda görəcəksiniz” -deyə cavablandırmışdı.

 

Qeyd edək ki, qarşıdan gələn seçkilərdə 1636 nəfər prezidentliyə namizədliyini irəli sürmüşdü. İranda növbəti prezident seçkiləri 2017-ci il, mayın 19-da (ordibeheştin 29-da) keçiriləcək.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN