İranda 6 təbrizli bəhai həbs cəzasına məhkum edilib

İranda 6 təbrizli bəhai həbs cəzasına məhkum edilib

GünazTV: İranda 6 təbrizli bəhai dininə mənsub olduqlarına görə həbs cəzasına məhkum ediliblər.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, iyunun 15-də Təbriz inqilab məhkəməsində azərbaycanlı bəhailər Kambiz Misaqi, Fərzad Bəhaduri, Monika Əlizadə (Əqdəsi), Şəbnəm İsaxani, Şəhriyar Xudapənah və Xeyrullah Bəxşiyə hökm oxunub. Məhkəmənin qərarı ilə “qanunsuz bəhai təşkilatına üzv olmaqda”, “bəhai dininə inanmaqda” və “sistemin əleyhinə təbliğat aparmaqda” günahlandırılan bəhailərin hər birinə 6 ay həbs cəzası verilib.

 

Xatırladaq ki, bəhailər 2018-ci ilin noyabr ayında ETTELAAT-ın Təbrizdəki bölməsinin əməkdaşları tərəfindən həbs edilsələr də, az sonra mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdılar.

 

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının ana yasası, bəhai dinini müstəqil bir din kimi tanımır. Məhz buna görə də, son 40 ildə ölkədə bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.

 

 

İrandakı ruhanilərin təhriki ilə özbaşına “Hizbullah”çı dəstələr. vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını dağıdırlar. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə kimi, ölkədə yüzlərlə bəhai edam edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN