İranda baş verən 5,9 bal gücündə zəlzələdə ən azı 75 nəfər yaralanıb

İranda baş verən 5,9 bal gücündə zəlzələdə ən azı 75 nəfər yaralanıb

GünAzTV: Yanvarın 6-sı, yerli vaxtla axşam saat 17:11 radələrində, İranın Kirmanşah əyalətinin Gilanqərb şəhəri yaxınlığında  Rixter cədvəli üzrə 5,9 bal gücündə zəlzələ baş verib.  

 

İran Seysmoloji mərkəzinin yaydığı xəbərə əsasən, zəlzələnin ocağı Gilanqərbin 24 kilometrliyində, yerin 10 kilometr dərinliyində yerləşib. Zəlzələ İranın İlam və Loristan əyalətlərində, eləcə də İraqın Nəcəf, Bağdad və Kürdüstan muxtariyyəti şəhərlərində də hiss edilib.

 

Yayılan ilkin məlumatlara əsasən, zəlzələdə ən azı 75 nəfər yaralanaraq, Kirmanşah şəhərinin xəstəxanalarına yerləşdirilib. Zəlzələ nəticəsində bəzi kənd evlərinin divarlarında çatların əmələ gəldiyi bildirilsə də, ciddi dağıntıların olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb. Zəlzələdən sonra əyalətin müxtəlif bölgələrində 7 güclü yeraltı təkan qeydə alınıb.

 

Kirmanşah əyalətinin ostandarı Huşəng Bazubənd jurnalistlərə açıqlamasında, zəlzələnin baş verdiyi bölgəyə xilasedicilərin cəlb edildiyini bildirib.

 

 

Xatırladaq ki, 2018-ci il, noyabrın 25-də yerli vaxtla axşam saat 20:07 radələrində, İranın Kirmanşah əyalətində  Rixter cədvəli üzrə 6,4 bal gücündə zəlzələ baş vermişdi.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN