İranda baş verən son etirazlarda 3 polisin qətlində günahlandırılan dərviş qisasa məhkum edilib

İranda baş verən son etirazlarda 3 polisin qətlində günahlandırılan dərviş qisasa məhkum edilib

GünAzTV: Bir ay əvvəl Tehranda hökumət qüvvələri ilə dərvişlər arasında baş verən qarşıdurmada 3 polisin qətlində günahlandırılan dərviş, Məhəmməd Səlas qisasa (edama) məhkum edilib.

 

Tehran məhkəməsi Məhəmməd Səlası qarşıdurmalar zamanı avtobusla polislərin üstünə sürməkdə və 3 polisi qətlə yetirməkdə günahlandırıb. Məhəmməd Səlas isə məhkəmə iclasındakı çıxışında polisləri qəsdən öldürmədiyini bəyan edib. O bildirib ki, qatıldığı dinc etirazlarda heç bir günahı olmadan polislər tərəfindən tutularaq vəhşicəsinə döyülüb və başından çoxlu zərbələr alıb: “Başımda 17 tikiş yeri var. Polislər məni tutub dəyənəklə başımdan vurmağa başladılar. Bu isə mənim əsəbiləşməyimə səbəb oldu”.

 

Dərvişin dediyinə görə, o, avtobusu polisləri öldürmək məqsədilə yox, qorxutmaq üçün onların üstünə sürsə də müvazinətini itirib. Bununla belə, dərviş, artıq yaşamaq istəmədiyini və dara çəkilməyə tam hazır olduğunu vurğulayıb.

 

Tehran hüquq-mühafizə qüvvələrinin komandanı Hüseyn Rəhimi bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında, dərviş Məhəmməd Səlasın Novruz bayramından əvvəl edam ediləcəyini bildirsə də, martın 19-da İranın “İRNA” xəbər agentliyi, çıxarılan ölüm hökmünə etiraz bildirmək üçün dərvişə və onun vəkilinə 20 gün vaxt verildiyi barədə məlumat yayıb.

 

Polis tərəfindən vəhşicəsinə döyülən dərviş Məhəmməd Səlas

 

Qeyd edək ki, fevralın 19-u axşam saatlarında Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə hüquq-mühafizə qüvvələri arasında baş verən qarşıdurmada 3 polis və 1 “Bəsic” muzdlusu öldürülüb, onlarla dərviş yaralanıb. Polis, dərvişləri dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib, onlara odlu silahdan atəş açıb. Nəticədə onlarla dərviş yaralanıb, ən azı 300-ü həbs edilərək naməlum istiqamətə aparılıb.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN