İranda baş verən zəlzələnin fəsadları açıqlanır. Bədən xəsarəti alanların sayı 634 nəfərə çatıb - FOTOLAR

İranda baş verən zəlzələnin fəsadları açıqlanır. Bədən xəsarəti alanların sayı 634 nəfərə çatıb - FOTOLAR

GünAzTV: İranın Kirmanşah əyalətində baş verən güclü zəlzələnin fəsadları barədə yeni məlumatlar yayılıb.

 

Kirmanşah əyalətinin ostandarı Huşəng Bazvənd noyabrın 26-da jurnalistlərə açıqlamasında bildirib ki, zəlzələdə ölənlərin olub-olmaması barədə hələlik hər hansı bir məlumat yayılmasa da, təbii fəlakətdən bədən xəsarəti alanların sayı getdikcə artır: “Zəlzələ nəticəsində ən azı 634 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəsarət alanlar daha çox Qəsr Şirin, Sərpol Zəhab və Gilanqərb şəhərlərinin sakinləridir. Xəsarət alanların əksəriyyətinə ilkin tibbi yardım göstərilib, bir qismi isə Kirmanşah şəhərinin xəstəxanalarına köçürülüb”.

 

Bildirilir ki, dünənki güclü zəlzələdən sonra Kirmanşah əyalətinin müxtəlif bölgələrində bu gün səhərə qədər 20 yeraltı təkan qeydə alınıb.

 

Xatırladaq ki, noyabrın 25-i yerli vaxtla axşam saat 20:07 radələrində, İranın Kirmanşah əyalətində  Rixter cədvəli üzrə 6,4 bal gücündə zəlzələ baş verib.  

 

İran Seysmoloji mərkəzinin yaydığı xəbərə əsasən, zəlzələ, Sərpol Zəhabın 17, Qəsr Şirinin 18, Gilanqərbin isə 33 kilometrliyində, yerin 10 km dərinliyində qeydə alınıb. Zəlzələ nəticəsində əyalətin bir çox yerlərində sular kəsilib, elektrik xətləri sıradan çıxıb, bir çox evlərdə çatlar və dağıntılar əmələ gəlib.

 

Güclü zəlzələ, İranın Sənəndəc, Həmədan, İlam, Loristan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Zəncan, Ərdəbil və Gilan şəhər və əyalətlərində, eləcə də İraq paytaxtı Bağdadda da hiss olunub. Bölgəyə xilasedicilərin cəlb edildiyi bildirilir.

 

 

 

 

 

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN