İranda daha 7 nəfər edam edilib

İranda daha 7 nəfər edam edilib

GünAzTV: İranda əsasən qətldə günahlandırılan daha 7 nəfər edam edilib. Edam edilənlərdən ikisi qadındır.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, müttəhimlər mayın 3-ü sübh saatlarında İranın Kərəc şəhərinin Rəcayişəhr zindanında dar ağacından asılıb. Edam edilənlərdən 5-nin adları (Əli Maliki, Şayan Şaddel, Arəş Bayat, Əli Cəfəri və Məhəmməd Cegərəki) mediaya açıqlansa da, asılan iki qadının adlarını müəyyənləşdirmək hələlik mümkün olmayıb. Hər 7 müttəhim, barələrində çıxarılan ölüm hökmünün icrasına hazırlıq üçün aprelin 29-da daha bir neçə məhbusla birlikdə həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürülmüşdü.

 

Bildirilir ki, edam edilənlərlə bərabər dar ağacının ayağına qədər aparılan bir neçə məhbusun, o cümlədən də 17 yaşındaykən qətl törədən Mehdi Bəhlulinin ölüm hökmünün icrası, naməlum səbəblər üzündən son anda müvəqqəti olaraq dayandırılıb və həmin məhbuslar yenidən saxlandıqları korpusa qaytarılıb.

 

İranda edamların sayının kəskin artması, yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hökuməti, ölkədə vətəndaşlara qarşı çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN