İranda daha 7 nəfər ölüm hökmünün icrası ərəfəsində təkadamlıq kameralara köçürülüb

İranda daha 7 nəfər ölüm hökmünün icrası ərəfəsində təkadamlıq kameralara köçürülüb

GünAzTV: İranda əsasən qətldə günahlandırılaraq edama məhkum edilən daha 7 nəfər ölüm hökmünün icrasına hazırlıq üçün təkadamlıq kameralara köçürülüb. Bu barədə İrandakı hüquq müdafiəçiləri məlumat yayıb.

 

Bildirilir ki, Kərəcin Rəcayişəhr zindanında saxlanılan müttəhimlər (Məcid Ağa Rəhimi, Mustafa Bejşükuh, Şəhram Abadeyi, Mehdi Bəhluli, Məhərrəm Əbdi, Məhəmməd Seyid Abdullah və Rəsul Gülməhəmmədi) barələrində çıxarılan ölüm hökmünün icrasına hazırlıq üçün avqustun 14-də həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürülüb.

 

Məlumatda qeyd olunur ki, təkadamlıq kameraya köçürülənlərdən biri, 17 yaşındaykən qətl törətdiyinə görə yaxalanan və hazırda 15 ildir həbsdə saxlandığı halda qisasa məhkum edilən Mehdi Bəhlulidir. O, bundan əvvəl edam hökmünün icrasına hazırlıq üçün üç dəfə təkadamlıq kameraya salınsa da, naməlum səbəblər üzündən ölümdən son anda qurtarmışdı. Hər 7 müttəhimin yaxın saatlarda və ya yaxın günlərdə dara çəkiləcəyi gözlənilir.

 

 

Bu il Ramazan ayının başa çatmasından sonra İranda edamların sayı əvvəlkinə nisbətən bir neçə dəfə artıb. Bu isə məhbus ailələri ilə yanaşı, həm də beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub.

 

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə dünyada 1-ci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər dara çəkilir.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN