İranda dinc siyasi fəala qarşı sui-qəsd edilib - Video

İranda dinc siyasi fəala qarşı sui-qəsd edilib - Video

GünAzTV: İranda dinc siyasi fəal Məhəmməd Nikbəxtə qarşı sui-qəsd edilib. Bu barədə fəalın özü yaralı vəziyyətdə çəkdirib yaydığı bir videoada xəbər verib.

 

Bundan əvvəl apardığı dinc siyasi fəaliyyətinə görə 8 il həbsdə saxlandığını vurğulayan Məhəmməd Nikbəxt bildirib ki, o, noyabrın 21-i axşam saatlarında İsfahanın Ələvicə magistral yolunda şəxsi avtomobilində iki dostu ilə birlikdə evinə gedərkən naməlum silahlı şəxslərin hücumuna məruz qalıb: “Tehran nömrəli bir avtomobil birdən-birə bizim qabağımızı kəsdi və əlində tapançası olan qara maskalı bir şəxs avtomobildən düşərək mənə tərəf bir neçə dəfə atəş açdı. Mən başıma nə gəldiyini anlamadım. Keyləşmişdim, elə bildim ki, ölmüşəm. Lakin bir-iki dəqiqədən sonra dostlarımın səsini eşitdim. Onlar mənimlə danışır, özümü necə hiss etdiyimi soruşurdular. Bildim ki, hələ sağam.

 

Hücumçular mənim öldüyümü zənn edərək hadisə yerindən uzaqlaşmışdılar. Atılan güllələrdən biri çiynimə dəyib, digəri isə başımın sağ tərəfində, qulağımın üstündən keçib.  Hazırda bu videoda danışarkən dostlarımdan birinin evindəyəm. Mən qəti əminəm ki, mənə sui-qəsd edənlər ETTELAAT-ın mülki geyimli əməkdaşları olub. Çünki onlar əvvəllər də bir neçə dəfə məni ölümlə hədələmişdilər. Mənim heç kəslə problemim yoxdur. Sadəcə olaraq yeganə günahım, islam respublikasının müxalifi olmağımdır. Nə rejimə qarşı silahlı mübarizə aparmışam, nə adam öldürmüşəm, nə də hansısa bir cinayət törətmişəm. Başqa bir günahım yoxdur. Mən, üzümü millətə tutub onlardan yardım istəyirəm. Çünki həm mənim, həm də ailə üzvlərimin həyatı təhlükədədir. Bədənim qan içində olmasına baxmayaraq müalicə üçün xəstəxanaya getməkdən də çəkinirəm. Çünki ETTELAAT-ın niyyəti məni öldürməkdir və bundan sonra nə baş verəcəyini bilmirəm”.

 

https://www.youtube.com/watch?v=2OEXRtSPrO8

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN