İranda hərbi parada silahlı hücumda günahlandırılan 22 ərəb fəalı edam edilib

İranda hərbi parada silahlı hücumda günahlandırılan 22 ərəb fəalı edam edilib

GünAzTV: Ay yarım əvvəl İranın Əhvaz şəhərində keçirilən hərbi parada silahlı hücumda günahlandırılan 22 ərəb fəalı edam edilib. Bu barədə İran ərəblərinə yaxın mənbələr noyabrın 10-da məlumat yaysa da, hökumətin rəsmi saytları bu barədə susub.

 

İrandakı ərəb hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, kütləvi edamlar noyabrın 8-i sübh saatlarında Əhvazın mərkəzi zindanında baş verib və 22 müttəhim, ailələrinin xəbəri olmadan gizli şəkildə dara çəkiliblər. İranın ETTELAAT Nazirliyi bundan əvvəl yaydığı bir video-çarxda həmin şəxsləri, hərbi parada qarşı silahlı hücuma keçənlərlə əlaqədə olmaqda, onlara dəstəkdə və hücumun təşkilində rol oynamaqda günahlandırmışdı.

 

Hər 22 ərəb fəalının məhkəməsi qapalı keçirilib və müttəhimlər vəkildən məhrum edilib. Amerikada yaşayan iranlı jurnalist Şahid Ələvinin sosial şəbəkədə yaydığı xəbərinə əsasən, edam edilənlərdən 4-ünün adları bunlardır: “Əhməd əl Ubudi, Məhəmməd Mömüni və iki oğlu Nəssar Mömüni və Üsamə Mömüni.

 

Bildirilir ki, ETTELAAT-ın Xuzistan şöbəsinin əməkdaşları noyabrın 10-da həmin şəxslərin və başqa müttəhimlərin valideynlərinə zəng vuraraq, onların edam edildiyini bildiriblər. Valideynlərə bildirilib ki, onların edam edilmiş balalarına yas saxlamağa, bununla bağlı media orqanlarına müsahibə verməyə haqqı yoxdur. Qeyd olunur ki, dara çəkilmiş fəalların cənazələri valideynlərinə təhvil verilmədən naməlum bir yerdə torpağa tapşırılıb.

 

 

Xatırladaq ki, sentyabrın 22-də İran-İraq müharibəsinin 38-ci ildönümü münasibətilə Xuzistan əyalətinin Əhvaz şəhərində keçirilən hərbi parada silahlı hücum olub. Beş silahlı şəxs, şəhərin “Qüds” bulvarında keçirilən hərbi parada qatılanlara yaxınlıqda yerləşən bir parkın içindən odlu silahlardan atəş açıblar. Atəş nəticəsində ən azı 25 “Sepah”çı, hərbçi və mülki vətəndaş həlak olub, 69-a yaxın insan yaralanıb.

 

Hadisədən az sonra, İŞİD terror qruplaşması bəyanat yayaraq, hərbi parada silahlı hücumun məsuliyyətini öz üzərinə götürməsinə baxmayaraq, hökumətin yerli ərəb fəallarına qarşı təzyiq və repressiyaları daha da gücləndirilib. Nəticədə, hərbi parada hücumdan bu yana, son ay yarımda yüzlərlə dinc ərəb fəalı həbs edilib.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN