İranda hicabın məcburi olmasına baxmayaraq, baş örtüyünü açan qadınların sayı sürətlə artır – FOTOLAR və 2 VİDEO

İranda hicabın məcburi olmasına baxmayaraq, baş örtüyünü açan qadınların sayı sürətlə artır – FOTOLAR və 2 VİDEO

GünAzTV: İranda hakim radikal molla rejiminin məcburi hicab siyasətinə baxmayaraq, paytaxt Tehranda və ölkənin digər iri şəhərlərinin küçə və meydanlarında baş örtüyünü açan qadınların sayı gündən-günə artır.

 

Yayılan məlumatlara əsasən son günlər Tehran, Məşhəd, Rəşt, İsfahan, Şiraz və bir sıra digər iri şəhərlərdə onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq bütün təhlükələrə baxmayaraq baş örtüklərini açaraq hakimiyyətin ölkə qadınlarına qarşı zorakılığına etiraz bildiriblər.

 

Tehranda isə çəliklə yeriyən yaşlı bir qadın, güclə səkiyə qalxaraq baş örtüyünü açdıqdan sonra onu əlindəki bir ağaca bağlayaraq bayraq kimi havada yelləməyə başlayıb və bununla da sivil yolla məcburi hicaba etirazını bildirib.

 

Məşhəddə isə bir qadın hündürlüyə qalxaraq, özü hicabda ola-ola bir baş örtüyünü havada yelləyərək, məcburi hicab kampaniyasına qoşulub və bununla da baş örtüyünu açan qadınlara dəstək verib. Kampaniyaya bəzi kişilər də qoşulub. Etiraza qalxan kişilərdən biri, üzərində “Siz tək deyilsiniz” şüarı yazılmış bir plakatı bir əlində, digər əlində isə bir yaylığı yelləyərək, məcburi hicaba qarşı üsyan edən qadınlara dəstək verib.

 

Bildirilir ki, ölkədə baş örtüyünü açan qadınların sayının artması, polisləri zəhmətə salmaqla yanaşı, hakimiyyət daxilində hicab məsələsini və onun vacib olub-olmamasını yenidən gündəmə gətirib. Hakimiyyətə yaxın bəzi rəsmilər, öz açıqlamalarında dolayısı ilə, rejimin son 39 ildə ölkədə yürütdüyü məcburi hicab siyasətinin iflasa uğramasına etiraf edirlər.

 

Xatırladaq ki, Qadınların məcburi hicaba qarşı dinc etirazına ay yarım əvvəl (deyin 6-da) start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşaraq vətəndaşlar tərəfindən dəstəklənib. Həmin qadın, baş örtüyünü açdığına görə iki dəfə həbs edilsə də, sonradan beynəlxalq hüquq təşkilatlarının etirazından sonra azadlığa buraxılıb.

 

Qeyd edək ki, İran İslam Respublikasında ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşirlər.

 

 

 

 

 

 

 

VİDEOLAR:

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN