İranda “İnstagram”ın bloklanmasına göstəriş verən müstəntiq korrupsiya ittihamı ilə həbs edilib

İranda “İnstagram”ın bloklanmasına göstəriş verən müstəntiq korrupsiya ittihamı ilə həbs edilib

GünAz TV: İranda Mahmud Əhmədinejadın prezidentliyi dövründə Prezident Aparatının rəhbəri olmuş Həmid Bəqayinin cinayət işi kimi bir neçə məşhur prosesi aparmış, eləcə də “İnstagram” sosial şəbəkəsinin ölkədə bloklanmasına hökm vermiş müstəntiq Bijən Qasımzadə korrupsiya ittihamı ilə həbs edilib.

 

Yerli media orqanlarının məlumatına görə, Dövlət Qulluqçularının Məhkəməsinin sabiq müstəntiqi olan Bijən Qasımzadə məhkəmə sisteminin daxilində korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində tutulub. Onun ötən həftənin cümə günü saxlanılaraq, barəsində həbs qəti imkan tədbirinin seçildiyi deyilir.

 

İran məhkəmə sisteminin sözçüsü Qulamhüseyn İsmayıli bildirib ki, sözügedən müstəntiq daha öncə barələrində cinayət işi açılmış bəzi məhkəmə sistemi əməkdaşlarının cinayət işi üzrə tutulub. O, həmçinin bu iş üzrə 1 hakim və 1 təqaüddə olan hakimin də həbs edildiyini, araşdırmalar nəticəsində saxlanılan şəxslərin saylarının arta biləcəyini istisna etmədiyini deyib.

 

Bijən Qasımzadə ötən illər ərzində bir çox qalmaqallı cinayət işlərini aparıb. 2017-ci ildə Həmid Bəqayi bildirmişdi ki, Qasımzadə ona bütün göstərişləri birbaşa o vaxt məhkəmə sisteminin rəhbəri olan Sadiq Laricanidən aldığını deyib.

 

İbrahim Rəisi məhkəmə sisteminə rəhbər təyin edildikdən sonra Sadiq Laricaninin dövründə rəhbərlik etdiyi qurumda müxtəlif postları tutmuş bir neçə vəzifəli şəxsin həbs edildiyini bəyan etmişdi. O, həmin şəxslərin aldıqları rüşvətlər arasında 600 kvadrat metrlik mənzillərdən tutmuş şimalda 4 min kvadrat metrlik villalara qədər mülklərin də olduğunu demişdi.

 

Rəisinin bu posta təyin edilməsindən qısa müddət sonra Sadiq Laricaninin müavini olmuş Əkbər Təbəri də korrupsiya ittihamı ilə həbs edilmişdi. Təbərinin cinayət işi üzrə ümumilikdə 15 nəfərin saxlandığı deyilir.

 

Müxtəlif mənbələr İranda sistematik korrupsiyanın mövcud olduğu və “dini lider” Əli Xamneyinin bu şəbəkəni idarə etdiyi barədə tez-tez məlumatlar dərc edirlər. Əli Xamneyinin müxtəlif fondlar adı altında göstərdiyi fəaliyyətlər və korrupsiya əməlləri nəticəsində 90 milyard dollardan çox sərvət yığdığı bildirilir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN