İranda Koronavirus böhranı: 2 nəfər həbs edilib, Tehranda 8 xəstəxana hazır vəziyyətə gətirilib

İranda Koronavirus böhranı: 2 nəfər həbs edilib, Tehranda 8 xəstəxana hazır vəziyyətə gətirilib

GünazTV: Son iki gündə İranın Sənəndəc və Bəndər Abbas şəhərlərində Koronavirusun yayılması barədə sosial şəbəkələrdə yayılan xəbərlərə görə 2 nəfər həbs edilib.

 

Hər iki şəhərin hüquq-mühafizə rəsmiləri virusun yayılması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərləri təkzib edərək, bu barədə 2 nəfərin həbs edildiyini təsdiqləyiblər.

 

İranın kiber polis rəisinin ictimai məsələlər üzrə müavini Ramin Paşayi fevralın 6-da jurnalistlərə açıqlamasında deyib ki, ölkənin Səhiyyə Nazirliyi və Kürdüstanın Tibb Elmləri Universiteti bu əyalətdə Koronavirusun yayılması ilə bağlı yayılan məlumatları təkzib ediblər: “Sənəndəcdə virusun yayılması ilə bağlı xəbəri sosial şəbəkələrdə yayan şəxs ictimai asayişi pozmaqda günahlandırılaraq həbs edilib. Həmin şəxs dindirilərkən, bu addımı əyləncə və zarafat məqsədi ilə atdığını bildirərək, öz əməlindən peşman olduğunu bəyan edib” -deyə, kiber polisinin rəsmisi Ramin Paşayi əlavə edib.

 

 İran kiber polisinin rəsmisi Ramin Paşayi 

 

Hormozqan əyalətinin kiber polisinin rəisi Əlirza İftixari isə sosial şəbəkələrdə Bəndər Abbasda virusun yayılması ilə bağlı məlumat yayan daha bir şəxsin tutulduğunu bəyan edərək, deyib ki, həmin şəxs öz əməlinin səhv olduğunu başa düşərək, atdığı addımdan peşman olduğunu bildirib.

 

Həmçinin İranın Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklərə nəzarət mərkəzinin rəisi Məhəmməd Mehdi Quya mediaya açıqlamasında Zəncan şəhərində virusu daşımaqda şübhəli bilinən 2 nəfərin tibbi yoxlamadan keçdiyini bəyan edib: “Həmin şəxslərdən biri üzərində aparılan tibbi yoxlamanın nəticəsi mənfi olub. Tibbi yoxlamadan keçən digər şəxsin virus daşıyıcısı olub-olmaması isə bir gün sonra bəlli olacaq. Həmin şəxs çinli bir qadındır və hazırda Zəncan xəstəxanalarından birində həkim nəzarəti altında saxlanılır” -deyə, İran Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklərlə bağlı rəsmisi Məhəmməd Mehdi Quya əlavə edib.

 

Bu arada, İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi jurnalistlərə açıqlamasında paytaxt Tehranda 8 xəstəxananın hazır vəziyyətə gətirilməsindən danışıb. Onun dediyinə görə, həmin xəstəxanalarda Koronavirusu daşımaqda şübhəli bilinənlər üçün ayrıca bölmə yaradılıb və ölkənin hər əyalətində bir xəstəxana bu iş üçün nəzərdə tutularaq tibb mərkəzləri hazır vəziyyətə gətirilib.

 

 

İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Kəyanuş Cahanpur isə fevralın 7-də media orqanlarını açıqlamasında Çindən ölkəyə qaytarılmış 57 iranlı tələbənin durumundan danışıb: “Çində təhsil alan iranlı tələbələrin sayı 80 nəfərdir. Lakin onların hamısının ölkəyə qayıdışına şərait yaransa da, onlardan yalnız 57-si bununla razılaşaraq İrana qayıdıb. Həmin tələbələr hazırda Tehran hotellərindən birində sadə karantin şəraitində saxlanılırlar. Onlar iki həftə karantində həkim nəzarəti altında qalmalı olacaqlar və sabahdan başlayaraq, tibbi yoxlamalardan keçəcəklər” -deyə, Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Kəyanuş Cahanpur bəyan edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN