İranda koronavirus təhlükəsi genişlənir: Tehran, Babül və Qumda virusa yoluxma ilə bağlı yeni hallar aşkarlandığından, xüsusi qərargah yaradılıb

İranda koronavirus təhlükəsi genişlənir: Tehran, Babül və Qumda virusa yoluxma ilə bağlı yeni hallar aşkarlandığından, xüsusi qərargah yaradılıb

GünAz TV: Qumun iki sakininin ötən gün koronavirusdan ölməsindən sonra Həsən Ruhani hökuməti bu virusun qarşısını almaq və onunla mübarizə aparmaq üçün qərargah yaratdığını bəyan edib. Eləcə də, Səhiyyə Nazirliyinin nəzdində də koronavirus qərargahı təşkil edilib.

 

Yerli media orqanlarında yayılan məlumatlara əsasən, Tehran, Qum və Babül şəhərlərində xəstəliyə yoluxma ilə bağlı yeni hallar aşkarlanıb. Agentliklər rəsmilərə istinadən insanları izdihamlı yerlərdə olmaqdan çəkinməyə və Səhiyyə Nazirliyinin bütün tövsiyələrinə əməl etməyə çağırırlar. 

 

"Mehr" xəbər agentliyi bu gün Səhiyyə nazirinin istirakı, müavinləri və nazirliyin digər əməkdaşlarının iştirakı ilə koronavirus qərargahının toplantısının keçirildiyi barədə məlumat yayıb. İclas zamanı virusla mübarizə yollarını müzakirə etmək üçün ölkənin bütün Tibb Elmləri İnstitutlarının rəhbərləri ilə konfrans zəng əlaqəsi qurulub. Agentlik müzakirə edilən məsələlər barədə geniş açıqlama verməyib.

 

İran dövlətinin sözçüsü Əli Rəbii "Twitter" səhifəsində yazdığı statusda dövlətin virusun qarşısını almaq və onunla mübarizə aparmaq üçün qərargah yaratdığını bəyan edib və insanları Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl etməyə çağırıb.

 

İran Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Müctəba Xalidi isə Tehranda bir nəfərin virusa yoluxduğunun ehtimal edildiyini deyib. O, həmin şəxsin Fərmaniyə xəstəxanasına müraciət etdiyini, virusa yoxulma ehtimalının olduğunu görə "Yaftabad Şəhidləri" xəstəxanasına köçürüldüyünü bildirib. Xalidinin sözlərinə görə, hazırda karantində olan həmin şəxsin analizlərinin cavabı 12 saat sonra elan ediləcək. Amma Səhiyyə Nazirliyi bu halla bağlı heç bir bəyanat yaymayıb.

 

"Şəhrvənd" qəzeti isə bu gün yaydığı xəbərdə adının açıqlanmasını istəməyən Qum şəhər xəstəxanasının həkiminə istinadən şəhərdə virusa yoluxma ilə bağlı daha 2 halın aşkarlandığını bəyan edib.

 

Mazandaran əyalətinin Babül şəhər Tibb Elmləri İnstitutunun direktor müavini Mustafa Cəvaniyan isə "İrna" xəbər agentliyinə verdiyi açıqlamada şəhərdə iki nəfərin koronavirusa yoluxma ehtimalı ilə bağlı karantinə salındığını deyib. Onun sözlərinə görə, analizlərin cavabları çıxmayana qədər həmin şəxslərin virusa yoluxub-yoluxmamaları ilə bağlı dəqiq fikir söyləmək çətindir.

 

"İsna"nın yaydığı xəbərə görə, Çahar-Mahal və Bəxtiyari əyalətinin Böhran və Təbii Fəlakətlər üzrə Tibbi İşçi Qrupunun Gigiyena Komitəsi bölgədə koronavirusla mübarizəyə hazırlıq səviyyəsini müzakirə etmək üçün təcili toplantı keçirib.


Ötən gün Qumda iki nəfərin sözügedən virusdan dünyasını dəyişməsindən sonra rəsmilər virusun yayılmasını araşdırmaq üçün əyalət ərazisində bütün məktəblər, universitetlər və digər təhsil müəssisələrinin 1 günlük bağlandığını elan ediblər. Ötən gecə Qum əyalətinin valisi Bəhram Sərməst keçirilən təcili iclasda Qum Tibb Elmləri İnstitutunun direktorundan başqa, heç bir rəsminin koronavirusla bağlı açıqlama vermək hüququnun olmadığını deyib.

 

Həmin iki nəfərin ölüm xəbərinin yayılmasından sonra sosial şəbəkələrdə təhlükəsizlik qüvvələrinin Quma daxil olmasını əks etdirən videolar yayıllıb. "İlna"ya açıqlama verən adının açıqlanmasını istəməyən polis rəsmisi bildirib ki, təhlükəsizlik qüvvələrinin Qum əyalətinə gəlməsi seçkilərlə bağlıdır, şəhərin karantinə alınması ilə bağlı yox.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN