İranda mahnısını sosial şəbəkələrdə paylaşan qadın müğənni məhkəməyə çağırılıb

İranda mahnısını sosial şəbəkələrdə paylaşan qadın müğənni məhkəməyə çağırılıb

GünazTV: İranda fars muğam musiqisinin məşhur simalarından olan Süheyla Gülüstani mahnılarından birini sosial şəbəkələrdə yaydığına görə İsfahan inqilab məhkəməsinə çağırılıb.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, bu barədə müğənni son günlər sosial şəbəkələrdən birindəki şəxsi səhifəsində paylaşdığı bir statusda məlumat verib.

 

Süheyla Gülüstani bildirib ki, o hökumətin qadın müğənnilərinin fəaliyyətinə qoyduğu qadağa və məhdudiyyətlərə riayət etmədiyinə, ifa etdiyi mahnılarından birini virtual aləmdə yaydığına görə məhkəməyə çağırılıb: “İnqilab məhkəməsi mahnı oxuduğuma görə, məni ictimaiyyət qarşısında haram iş görməkdə günahlandırıb. Biz sözlə, mənə qarşı bu ittiham, xalqıma mahnı oxuduğuma görə irəli sürülüb və mən insanlara mahnı oxumaqda günahlandırılmışam.

 

Bu İsfahan məhkəməsinin mənə göndərdiyi ilk çağırış deyil. Çünki son dörd ildə səsim və mahnılarım vaxtaşırı virtual aləmdə yayıldığına görə onlarla dəfə mənə çağırış göndərilib və mən məhkəmələrdə ifadə verməli olmuşam. Bu dörd ildə məhkəmələrə gedib gəlmək mənim həyatımın bir hissəsinə çevrilib. Lakin nə etmək olar. Bütün bu təzyiqlərə baxmayaraq, oxumağa sevgim və həvəsim heç vaxt azalmayıb və bu sevgi həmişə mənimlə olub” – deyə Süheyla Gülüstani əlavə edib.

 

Bildirilir ki, xanəndəlikdən başqa, həm də musiqi sahəsində pedaqoji fəaliyyətlə məşğul olan Süheyla Gülüstani, bir neçə il əvvəl, musiqi sahəsində apardığı fəaliyyətinə görə, Yaponiyanın Mikimoto Universitetinin fəxri doktor adına layiq görülüb.

 

 

Qeyd edək ki, İran İslam Respublikasında qadın müğənnilərinin ictimai yerlərdə və ya kişilərin qarşısında mahnı oxuması qadağandır. Qadın müğənnilər, məhdud şəkildə əvvəlcədən müəyyən edilmiş, qapalı yerlərdə, yalnız xanımların qarşısında oxuya bilərlər. Bunun üçün də onlar əvvəlcədən İranın İrşad Nazirliyindən icazə almalıdırlar.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN