İranda məcburi hicaba qarşı dinc etiraz bildirən 3 qadın fəalının hər biri 5 il yarım həbsə məhkum edilib

İranda məcburi hicaba qarşı dinc etiraz bildirən 3 qadın fəalının hər biri 5 il yarım həbsə məhkum edilib

GünazTV: Tehran məhkəməsi hakim rejimin məcburi hicab siyasətinə qarşı dinc etiraz bildirən 3 qadını, Münirə Ərəbşahi, qızı Yasəmən Aryani və Mojqan Keşavərzi həbs cəzasına məhkum edib.

 

Bu barədə, hər üç qadının vəkili Əmir Rəisiyan, fevralın 5-də jurnalistlərə açıqlama verib. O bildirib ki, Tehran Apellyasiya Məhkəməsi ilkin məhkəmənin müvəkkilərinə çıxardığı uzunmüddətli həbs qərarını 5 il yarıma endirib: “Müvəkillərim ictimai yerlərdə baş örtüklərini açdıqlarına görə, fəsada rəvac verməkdə və fahişəliyi yaymaqda günahlandırılıblar. Apellyasiya Məhkəməsi hər üç müvəkkilimin işinə baxaraq, onların hər birini 5 il yarım həbsə məhkum edib. Bu hökm qətidir.

 

Təəssüflər olsun ki, müvəkillərimin dosyesinə baxarkən nə mənə, nə də digər vəkillərin məhkəmə iclaslarına qatılmasına imkan verilməyib.” -deyə, məcburi hicaba qarşı çıxan xanımlar Münirə Ərəbşahi, Yasəmən Aryani və Mojqan Keşavərzin vəkili Əmir Rəisiyan bəyan edib.

 

Xatırladaq ki, hər üç müttəhim, həbs edilmələrindən əvvəl Beynəlxalq Qadınlar Günü (8 mart) da Tehran metrosunda baş örtüklərini açaraq, digər qadınlara gül verib onları öz hüquqları uğrunda dinc mübarizəyə təşviq etmələri barədə bir video-çarx hazırlayaraq sosial şəbəkələrdə yaymışdılar.

 

Bunun ardınca, Tehranda hüquq-mühafizə qüvvələrinin əməkdaşları Münirə Ərəbşahi və qızı Yasəmən Aryani-ni 2019-cu ilin aprel ayında, Mojqan Keşavərzi isə bir ay sonra şəxsi mənzilində tutub Vəraminin Qərçək zindanına aparmışdılar.

 

Qeyd edək ki, İranda qadınların məcburi hicaba qarşı ilk dinc etirazına 2018-ci ilin əvvəllərində start verilib. Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq, hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb. O, baş örtüyünü açdığına görə iki dəfə həbs edilsə də, sonradan şərti azadlığa buraxılıb.

 

 

Son iki il yarımda   İranın müxtəlif şəhərlərində onlarla qadın rejimin məcburi hicab siyasətinə qarşı etiraza qalxıblar. Onlar, küçə və meydanlarda baş örtüklərini açaraq, hakimiyyətin qadınlara qarşı təzyiqinə etiraz bildiriblər. Həmin etirazlarda 40-dan çox qadın həbs edilib.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN