İranda məcburi hicaba qarşı etiraz əlaməti olaraq daha 5 qadın baş örtüklərini açıblar - VİDEO

 İranda məcburi hicaba qarşı etiraz əlaməti olaraq daha 5 qadın baş örtüklərini açıblar - VİDEO

GünAzTV: İranda molla rejiminin məcburi hicab siyasətinə qarşı etiraz əlaməti olaraq daha 5 qadın küçədə baş örtüklərini açıblar.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, fevralın 10-da Yəzd şəhərində gənc bir xanım, küçədə məcburi hicaba etiraz bildirən bir plakat qaldıraraq baş örtüyünü açıb. O, plakat üzərində yazdığı şüarda qadınları məcburi hicaba qarşı birgə mübarizəyə çağırıb.

 

Həmin gün, İsfahan şəhərinin “Nəqşi-cahan” meydanında daha 4 qadın “məcburi hicaba yox” kampaniyasına qatılıblar. Onlar birlikdə baş örtüklərini açaraq, hakim axundların ölkə qadınlarına qarşı zorakılığına etiraz bildiriblər. Küçə və meydanda baş örtüklərini açan həmin xanımların tutulub-tutulmaması barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına ay yarım əvvəl (deyin 6-da) start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb və vətəndaşlar tərəfindən dəstəklənib. Həmin qadın, baş örtüyünü açdığına görə iki dəfə həbs edilsə də, sonradan şərti azadlığa buraxılıb.

 

Son həftələr,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçə və meydanlarda baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildirirlər. Təkcə Tehranda isə, küçə və meydanlarda baş örtüyünü açan 29 qadın həbs edilib.

 

Qeyd edək ki, İran İslam Respublikasında ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşir, 10 gündən iki aya qədər həbsə və pul cəriməsinə məhkum edilirlər.

 

VİDEO:

 

Fevralın 10-u, İsfahan, "Nəqşi-cahan" meydanı

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN