İranda məcburi hicaba qarşı etirazına görə həbs edilən Vida Müvəhhid azadlığa buraxılıb

İranda məcburi hicaba qarşı etirazına görə həbs edilən Vida Müvəhhid azadlığa buraxılıb

GünazTV: İranda hakim rejimin qadınlara qarşı yürütdüyü məcburi hicab siyasətinə etiraz bildirdiyinə görə həbs edilən Vida Müvəhhid azadlığa buraxılıb.

 

Bu barədə, Vida Müvəhhidin vəkili Pəyam Derəfşan mayın 26-da “İnstagram” səhifəsində paylaşdığı bir yazıda məlumat verib.

 

O bildirib ki, küçədə baş örtüyünü açdığına görə 1 il həbsə məhkum edilərək Rey şəhərinin zindanında saxlanılan müvəkkili xanım Vida Müvəhhid əfv edilərək, mayın 26-sı axşam saatlarında qeydsiz-şərtsiz azadlığa buraxılıb. O, hazırda müvəkkilinin fiziki və psixi durumunun yaxşı olduğunu, onun artıq azyaşlı qızına qovuşa bildiyini bəyan edib.

 

Pəyam Derəfşan, aprelin 14-də jurnalistlərə açıqlamasında müvəkkilinə qarşı 1 il həbs qərarının çıxarılmasından xəbər vermişdi: “Müvəkkilim ictimai yerdə baş örtüyünü açmaqla qadınları fahişəliyə təşviq etməkdə günahlandırılaraq, 1 il həbsə məhkum edilib. Hökm artıq qətidir. Müvəkkilim hazırda Rey şəhərinin həbsxanasında saxlanılır” –deyə vəkil əlavə etmişdi.

 

 

Xatırladaq ki, İranda qadınların rejimin məcburi hicab siyasətinə qarşı ilk dinc etirazına 2018-ci ilin əvvəllərində start verilib. 31 yaşlı Vida Müvəhhid, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq, hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb. O, baş örtüyünü açdığına görə iki dəfə həbs edildikdən sonra müvəqqəti olaraq şərti azadlığa buraxılsa da, sonunda da 1 il həbsə məhkum edilmişdi.

 

 

Qeyd edək ki, son il yarımda  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçə və meydanlarda baş örüklərini açaraq, hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildiriblər. Həmin etirazlarda 40-dan çox qadın həbs edilib, bir neçəsi isə rejimin təzyiq və təhdidlərinə dözməyərək ölkədən qaçıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN