İranda məhbus dərviş qadınların aclıq aksiyası davam edir

İranda məhbus dərviş qadınların aclıq aksiyası davam edir

GünAzTV: İranın Vəramin şəhərinin Qərçək zindanında saxlanılan məhbus dərviş qadınların saxlandıqları şəraitə qarşı etiraz əlaməti olaraq 8 gün əvvəldən başlatdıqları aclıq aksiyası davam edir.

 

Dörd ay əvvəl Tehranda hökumət qüvvələrinin Qonabad dərvişlərinin dinc etirazına hücumunda tutulan dərviş qadınlar, iyunun 13-də həbsxananın həyətində, zindan mühafizə xidməti əməkdaşlarının hücumuna məruz qalaraq, naməlum səbəbə görə vəhşicəsinə döyülüb təhqir ediliblər. Zindan məmurları qadınları döyərkən, onlara qarşı müxtəlif çomaq və elektrik keçirən dəyənəklərdən (şokerdən) istifadə edib. Zindan rəhbərliyinin məhbus qadınlara qarşı vəhşi hücumuna etiraz bildirən dərviş xanımlar həmin vaxtdan aclığa başlayıb.

 

Hadisədən dərhal sonra, dərviş qadınlar ayrı-ayrılıqda təkadamlıq kameralara köçürülüb, onların ailə üzvləri ilə görüşünə və ya telefon əlaqəsinə qadağa qoyulub.

 

Bildirilir ki, zindan mühafizə xidməti əməkdaşlarının dərviş qadınlara qarşı dəyənəkli hücumu iyulun 16-da yenidən təkrarlanıb. Bu dəfə, onlar qadınları döyərək onlardan aclığı dayandırmalarını tələb etsələr də, buna nail ola bilməyiblər və dərviş qadınlar, vəziyyətlərinin müəyyənləşdirilməsinə qədər aclığı davam etdirəcəklərini bildiriblər.

 

İrandakı hüquq müdafiəçiləri, hazırda Qərçək zindanında saxlanılan, aclıq aksiyası keçirən məhbus dərviş qadınlardan bəzilərinin kimliyini müəyyənləşdirə bilib: Şükufə Yədullahi, Nazila Nuri, Sepidə Muradi, Məryəm Fərəsyabi, Sima İntisari, İlham Əhmədi, Şahnaz Kiyani, Məryəm Barakuhi və Avişa Calaləddin.

 

Aclıq aksiyası keçirən qadınlardan bəzilərinin səhhətinin ağırlaşdığı, zindanda gərgin vəziyyət yarandığı bildirilir.

 

 

Qeyd edək ki, fevralın 19-u axşam saatlarında Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə hüquq-mühafizə qüvvələri arasında qarşıdurma yaranıb. Polis, dərvişləri dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib, onlara odlu silahdan atəş açıb. Nəticədə bir neçə dərviş həlak olub, onlarla dərviş yaralanıb, ən azı 600-ü həbs edilərək naməlum istiqamətə aparılıb. Hüquq-mühafizə əməkdaşlarından isə 3 polis və 1 “Bəsic” muzdlusu ölüb.  

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN