İranda müəllim 9 yaşlı əhvazlı şagirdi vəhşicəsinə döyüb

İranda müəllim 9 yaşlı əhvazlı şagirdi vəhşicəsinə döyüb

GünAz TV: Ərəb fəallara məxsus media orqanlarında 9 yaşlı əhvazlı şagirdin idman müəllimi tərəfindən plastik çubuqla vəhşicəsinə döyülməsini əks etdirən görüntülər yayılıb.

 

Məlumatlara əsasən, azyaşlı şagird idman forması olmadan öz sinif yoldaşları ilə oynayan zaman müəllim ona iradını bildirib. Daha sonra isə əlində olan plastik dəyənəklə uşağı vurmağa başlayıb. Zərbələrin gücündən dəyənəklər şagirdin bədəninin kürək və digər nahiyələrində iz buraxıb.

 

Hadisə Əhvaz yaxınlığında yerləşən Kut Abdulla rayonunun Şekarə qəsəbəsində yerləşən orta məktəbdə baş verib. 9 yaşlı şagirdi döyən müəllimin adının Nəim Zadə olduğu bildirilir.

 

Valideynləri övladlarının fotosunu anonim şəkildə insan haqları sahəsində fəaliyyət göstərən sosial media hesablarına göndəriblər. Onlar rejimin təyin etdiyi məsulların məsələni ictimailəşdirdiklərinə görə özlərinə və övladlarına qarşı daha radikal addım atacaqlarından çəkindiklərini əsas gətirərək, adlarının açıqlanmasını istəməyiblər.

 

Valideynlər övladlarının baş verən hadisədən sonra ciddi psixoloji sarsıntı keçirdiyini, gecələr yuxudan səksənərək oyandığını və 3 gündür məktəbə getməkdən qorxduğunu deyiblər. Onlar həmçinin qeyd ediblər ki, rejimin təyin etdiyi məsullar və müəllimlər ərəb xalqına qarşı düşmən münasibət sərgiləyir və buna görə də, bölgədə tez-tez uşaqlara qarşı bu formada zorakılıq halları baş verir.

 

Məsələnin media orqanlarında işıqlanmasından sonra bir neçə digər əhvazlı valideyn də rejim müəllimlərinin övladlarına qarşı bu formada fiziki zorakılıq tətbiq etdiklərini deyiblər. Görüntülər Əhvaz ərəbləri arasında böyük hiddətə səbəb olub və onlar şagirdlərə qarşı fiziki zorakılıq tətbiq edən müəllimlərə qarşı qanuni intizam tələblərinin görülməsini tələb edirlər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN