İranda narkotik maddə qaçaqmalçılığında günahlandırılan məhbus intihar edib

İranda narkotik maddə qaçaqmalçılığında günahlandırılan məhbus intihar edib

 GünAzTV: İranda narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq 1 ildən bəri həbsdə saxlanılan məhbus intihar edib.  

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, 20 kiloqramlıq heroin qaçaqmalçılığında günahlandırılan, 1 ildən bəri Kərəcin Qızılhasar zindanında saxlanılan və durumunun qeyri-müəyyənliyindən əziyyət çəkən məhbus Səid Nadiri Güldərə iyunun 10-u sübh saatlarında zəhərli kimyəvi maddə yedikdən sonra intihar edib. Məhbus zindan klinikasına çatdırılsa da onun həyatını qurtarmaq mümkün olmayıb. Özünə qəsd edən məhbusa zindanda saxlanıldığı müttədtə ölüm hökmünün çıxarılıb-çıxarılmadığı, onun edam növbəsində olub-olmamadığı haqda hər hansı bir məlumat yayılmayıb.

 

İran rəsmilərinin bildirdiyinə görə, hazırda ölkənin müxtəlif zindanlarında saxlanılan və cürbəcür ittihamlara görə edama məhkum edilən ən azı 5 min məhbus, barəsində çıxarılan ölüm hökmünün icrasını gözləyir.

 

Son vaxtlar İranda edamların sayının kəskin artması, yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası, ölkədə vətəndaşlara qarşı çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN