İranda polis komandanı: “Qumda monarxiya tərəfdarı olan 150 nəfərlik təşkilatın 14 üzvü həbs edilib”

İranda polis komandanı: “Qumda monarxiya tərəfdarı olan 150 nəfərlik təşkilatın 14 üzvü həbs edilib”

GünazTV: İranın Qum şəhərinin polis komandanı Əbdülrza Ağaxani dekabrın 29-da jurnalistlərə açıqlamasında ölkədə monarxiya sisteminin yenidən bərpası üçün təbliğat aparan şəbəkə üzvlərinin həbs edilməsindən xəbər verib.

 

O bildirib ki, tutulan monarxistlər (səltənət tərəfdarı) mütəşəkkil şəkildə ölkədə monarxiyanı təbliğ edən 5 təbliğat qrupu çərçivəsində fəaliyyət göstəriblər: “Həbs edilənlər “Qoqnus” adı və planı çərçivəsində monarxiya hakimiyyət sistemini təbliğ etməklə, ölkədə iğtişaşlar törətmək niyyətində olublar. Onlar həmçinin, hər birinin 30 üzvü olan beş qrupda fəaliyyət aparıblar və həbs edilən 14 nəfər xarici ölkələrdə fəaliyyət göstərən monarxiya başçıları ilə birbaşa əlaqədə olublar.

 

Bundan başqa, bu beş monarxist qrup, ölkədə sabitliyi pozmaq məqsədilə ümumi nəqliyyat sisteminə xələl gətirməyə, fəhlələrin etiraz və tətillərini qızışdırmağa və insanların ictimai tələblərini siyasi müstəviyə yönləndirməyə çalışıblar” –deyə, Qum şəhərinin polis komandanı Əbdülrza Ağaxani əlavə edib.

 

Həbs edilənlərin adlarını açıqlamayan polis komandanı, tutulanların ölkədə monarxiyanın yenidən bərpası uğrunda fəaliyyət göstərən keçmiş İran şahının oğlu Rza Pəhləvinin 2018-ci ildə ölkənin yenidən qurulması üçün irəli sürdüyü “Qoqnus” planı ilə əlaqədə olub-olmamasına aydınlıq gətirməyib.

 

Qeyd edək ki, ötən ay İranda rejimə qarşı keçirilən kütləvi etirazlarda bəzi yerlərdə keçmiş İran şahı Məhəmmədrza Pəhləvi sülaləsinin lehinə şüarlar səsləndirilib. İranın molla rejimi isə  məhz həmin şüarları bəhanə edərək, ölkədə 1500 dinc etirazçıya qarşı törətdiyi qətliamı, xaricdən gələn bəzi təhdidlərlə əlaqələndirməyə çalışıb.

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 1500-dən çox günahsız insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, yüzlərlə etirazçı itkin düşüb, Tehranda və digər şəhərlərdə 11 minə yaxın aksiyaçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN