İranda qadın jurnalist 10 ildən çox həbsə və 148 şallaq zərbəsinə məhkum edilib

İranda qadın jurnalist 10 ildən çox həbsə və 148 şallaq zərbəsinə məhkum edilib

GünazTV: İranda “Şərq” qəzetinin əməkdaşı, Tehran Universitetinin Sosialogiya fakültəsinin tələbəsi, jurnalist Mərziyə Əmiri vəzifə borcunu yerinə yetirdiyinə görə, 10 il yarım həbsə və 148 şallaq zərbəsinə məhkum edilib.

 

Bu barədə jurnalistin bacısı Səmira Əmiri avqustun 24-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda məlumat verib. O bildirib ki, Mərziyəyə çıxarılan hökm apellyasiya məhkəməsi tərəfindən təsdiq edilsə, həbsin ən azı 6 ilini çəkməli olacaq.

 

Qeyd edək ki, jurnalist Mərziyə Əmiri bu il mayın 1-də Dünya Zəhmətkeşlərinin Həmrəylik Günü (1 may) münasibətilə İran parlamenti qarşısında dinc etiraz aksiyası keçirən fəhlələrin toplantısından reportaj hazırlayarkən mülki geyimli ETTELAAT əməkdaşları tərəfindən tutulub. Aksiyaya qatılan 35 fəhlə fəalı ilə birlikdə həbs edilən jurnalist, həmin vaxtdan Tehranın Evin zindanının 209-cu korpusunda saxlanılır.

 

İran Məhkəmə Sisteminin sözçüsü bundan əvvəl jurnalistin həbsi ilə bağlı verdiyi açıqlamasında ona qarşı irəli sürülən ittihamın təhlükəsizlik məsələləri ilə əlaqədar olduğunu bildirsə də, bu barədə ətraflı məlumat verməkdən imtina edib.

 

 

Bildirilir ki, Mərziyə Əmiri bundan əvvəl də keçirilən bir neçə dinc etirazda peşə vəzifəsini yerinə yetirərkən həbs edilsə də, sonradan mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN