İranda sel qurbanlarının sayı 44 nəfərə çatıb. Xuzistan əhalisinə xəbərdarlıq edilib

İranda sel qurbanlarının sayı 44 nəfərə çatıb. Xuzistan əhalisinə xəbərdarlıq edilib

GünazTV: İranda iki həftədir davam edən daşqın və sel qurbanlarının sayı artaraq 44 nəfərə çatıb.

 

Bu barədə, İranın Təcili Tibbi Yardım Təşkilatının sədr müavini Həmidrza Xanke martın 28-də jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, son günlər ölkənin müxtəlif əyalət, şəhər və bölgələrində baş vermiş daşqın və sel nəticəsində 21 nəfər Fars əyalətində, 7 nəfər Türkmənsəhrada (Gülüstanda), 5 nəfər Mazandaranda, 3 nəfər Şimali Xorasanda, 2 nəfər Kohkiluye və Boyer Əhməddə, 1 nəfər Kirmanşahda, 1 nəfər Xuzistanda, 2 nəfər Loristanda, 1 nəfər Həmədanda və 1 nəfər isə Simnan şəhərində selin qurbanına çevrilərək həyatını itirib.

 

Həmçinin Xuzistan əyalətinin Su və Elektrik İdarəsi martın 28-də bəyanat yayaraq, əyalətin Dez, Karun və Kərxə çayları ətrafında yerləşən ən azı 3 şəhərin və 69 kəndin ciddi sel təhlükəsi ilə üz-üzə qala biləcəyi barədə xəbərdarlıq edib. Bəyanatda bildirilir ki, Hoveyze, Susəngerd, Darxuin, Əhvaz və Şuş şəhərlərinin sel təhlükəsi ilə üz-üzə qalmasını nəzərə alaraq, ölkənin rəsmi qurumları sözü gedən 69 kənd sakinlərinin təhlükəsiz yerə köçürülməsi  üçün tədbir görməlidir.

 

Qeyd edək ki, son günlər İranın müxtəlif bölgələrində, o cümlədən də Mazandaran, Gülüstan (Türkmənsəhra), Xuzistan, Loristan, Kohkiluye və Boyer Əhməd əyalətlərində, eləcə də Şiraz və digər şəhər və bölgələrdə baş verən daşqın və sel nəticəsində yüzlərlə insan yaralanaraq xəstəxanaya yerləşdirilib.

 

 

Hazırda İranın15-ə yaxın əyalətində əhalinin daşqın və sel təhlükəsi ilə üz-üzə qaldığı bildirilir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN