İranda sünni ruhani: “Hərbçilər öz əsl peşələrinə qayıtmalıdırlar”

İranda sünni ruhani: “Hərbçilər öz əsl peşələrinə qayıtmalıdırlar”

GünazTV: İranın Zahidan şəhərinin sünni imam cüməsi Mövləvi Əbdülhəmid İsmayıl Zehi, iyulun 24-də jurnalistlərə açıqlamasında ölkə hərbçilərinin siyasi və iqtisadi işlərə qarışmasından gileylənərək, sünnilərə qarşı tətbiq edilən məhdudiyyətlərdən danışıb.

 

Öz açıqlamasında adını çəkməsə də birbaşa “Sepah”a eyham vuran sünni ruhani deyib ki, ölkədə yaşanan mövcud problemlərin kökündə heç kəsin öz işi ilə məşğul olmaması durur: “Yaxşısı budur ki, hərbçilər siyasi və iqtisadi sahələrdə fəaliyyətdən və bir-biri ilə rəqabətdən əl çəkərək öz əsl peşələrinə qayıtsınlar və öz işləri ilə məşğul olsunlar. Aydın məsələdir ki, bu iş onların (hərbçilərin) millət tərəfindən sevilib popularlığının artmasına səbəb olar. Hesab edirik ki, ölkənin əsas problemi iqtisadi yox, siyasidir.

 

Hazırda ölkədə yaşanan problemlərin həllinə gəlincə, düşünürəm ki, hakimiyyətdaxili iki böyük siyası qanaddan olan həm islahatçılar, həm də mühafizəkarlar (üsulçular) mövcud çətinlikləri aradan qaldırmaqda uğursuz olublar. Onların heç biri İran millətinin problemlərini həll etmək və ölkənin indiki ağır böhrandan çıxması üçün heç bir iş görə bilməyiblər. Xalqın siyasi qanadlardan ümidsiz olması da məhz bununla bağlıdır. Biz sünnilər də artıq islahatçılara ümid bəsləmirik. Güman etmirəm ki, onlar (islahatçılar) öz mövqelərində hansısa dəyişiklik etməklə xalqın nəzərini cəlb edə biləcəklər.

 

Ölkədə sünni əhalinin durumuna və onlara qarşı tətbiq edilən ayrı-seçkiliyə və onların üzləşdiyi məhdudiyyətlərə gəlincə, demək olar ki, sünnilər toplu şəkildə yaşadığı bölgələrdə nisbi azadlığa malik olsalar da, onlar ölkənin əsas iri şəhərlərində və azlıq təşkil etdikləri bölgələrdə müxtəlif təzyiqlərə məruz qalır, məhdudiyyətlərlə üzləşirlər”-deyə Mövləvi Əbdülhəmid əlavə edib.

 

Qeyd edək ki, İran əhalisinin 20 milyondan çoxunu sünni məzhəblilər təşkil etsə də, onlar faktiki olaraq ölkənin 2-ci, bəzən isə 3-cü dərəcəli vətəndaşları sayılır. Belə ki, İran konstitusiyasına əsasən ölkənin rəsmi məzhəbi şiədir və sünni məzhəbindən olanlar ölkə prezidenti, dini lider, nazir və s.  ola bilməzlər.

 

Bundan başqa, İranda sünnilərin yaşadığı əyalətlər ölkənin ən yoxsul və baxımsız əyalətləri sayılır. Sünnilər iqtisadi, ictimai, mədəni və siyasi baxımdan ayrı-seçkiliyə məruz qoyulur, təzyiq altında saxlanılırlar. Paytaxt Tehranda isə sünnilərin özlərinə məxsus bircə belə məscidi yoxdur. Hökumət, sünnilərə öz məscidlərini tikməyə icazər vermir və onlar həssas dini mərasimlərdə öz namazlarını küçələrdə və ya müvəqqəti icarə etdikləri obyektlərdə qılmaq məcburiyyətində qalırlar.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN