İranda “Telegram”a qoyulan süzgəc aradan qaldırılıb

İranda “Telegram”a qoyulan süzgəc aradan qaldırılıb

GünAzTV: İranda iki həftə əvvəl “Telegram” a girişə qoyulan məhdudiyyət aradan qaldırıldı.

 

İran prezidenti Həsən Ruhaninin göstərişinə əsasən, yanvarın 13-də “Telegram”a qoyulan iki həftəlik sücgəc aradan qaldırılıb və ölkə vətəndaşlarının “Telegram” messencerindən istifadəsi yenidən təmin edilib.

 

İran rejiminin “İnstagram” sosial şəbəkəsinə girişə qouduğu müvəqqəti məhdudiyyət isə ötən həftə, yanvarın 7-də aradan qaldırılmışdı.

 

Qeyd edək ki, İran hakimiyyəti, 31 dekabr 2017-ci ildə ölkədə molla rejiminə qarşı keçirilən kütləvi xalq etirazlarının genişləndirilməsindən vahiməyə düşərək “Telegram”a və “İnstagram” sosial şəbəkəsinə girişə məhdudiyyət qoymuşdu.

 

 

Xatırladaq ki, son iki həftədə, İranın 100-dən çox şəhərində hakimiyyətə və onun dini lideri axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Hakim çürümüş rejimin iflasa uğramış iqtisadi, daxili və xarici müdaxiləçi siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 3700 nəfərdən çox insan həbs edilib. Tutulanlardan 5-i isə zindanda dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri həmin şəxslərin “intihar” etdiyini iddia edirlər.

 

İranda molla rejiminə qarşı ilk etirazlar, “Bahalığa yox” şüarı adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb və az sonra etirazçıların səsləndirdiyi şüarlar daha kəskinləşərək bütün hakimiyyətin əleyhinə yönəlib. Hazırda ölkənin mühüm və iri şəhərlərində elan olunmamış bir növ fövqəladə vəziyyət hökm sürdüyünə görə, etirazlar müvəqqəti olaraq dayandırılıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN