İranda uşaqların evlilik statistikası artmaqda davam edir

İranda uşaqların evlilik statistikası artmaqda davam edir

GünAz TV: İranda sivil aktivistlər İranın Statistika Mərkəzinin dərc etdiyi məlumatlara əsasən, ölkədə uşaqların evliliyinin artdığı barədə xəbərdarlıq yayıblar. Bu xəbərdarlıq İran Milli Məclisinin Məhkəmə və Hüquq Komitəsinin bu yaxınlarda 13 yaşdan aşağı uşaqların evliliyini qadağan edən qanun layihəsini rədd etməsindən sonra yayımlanıb.

 

“İran Verilənlər Bazası” tərəfindən uşaq evliliyi və uşaqların zibil daşıma işlərinə cəlb edilməsi ilə mübarizə üçün başladılmış “itirilmiş uşaqlıq” adlı kampaniyanın məlumatına görə, son illər ərzində İranda uşaq evliliklərinin sayı artıb.

 

“Baza”nın İran Statistika Mərkəzinə istinadən verdiyi məlumata görə, 2012-ci il ərzində ölkədə nigaha daxil olmuş qadınların yalnız 4.9%-i 15 yaşdan kiçik qızlar olsa da, 2016-cı ildə bu rəqəm 5.6% təşkil edib. Beləliklə, təkcə 2016-cı ildə 39 mindən çox 15 yaşdan aşağı qız uşağı nigaha daxil olub.

 

Məlumatda həmçinin qeyd edilən illər arasında 4 il ərzində İranda 200 mindən çox 15 yaşdan aşağı qız və oğlan uşaqları ailə qurublar.

 

Erkən evlilik zamanı yaranan hamiləlik ana və uşağın ölümünə səbəb ola bildiyindən uşaqların evliliyi BMT tərəfindən qadağan edilib.

 

Erkən evliliklə bağlı İran Milli Məclisində uzun dövrlər ərzində müzakirələr aparılıb. İnqilabdan əvvəl İranda qanuni evlilik yaşı 15 və 18 yaşlar arası olsa da, bu rəqəm inqilabdan sonra 1-ci çağırış Milli Məclis tərəfindən 1982-ci ildə 13 və 15 yaş həddinə endirilmişdi.

 

6-cı çağırış İran Milli Məclisi 2000-ci ildə qanuni evlilik həddini qızlar üçün 15 yaşdan, oğlanlar üçün isə 18 yaşdan yuxarı müəyyənləşdirsə də, Nəzarət Şurası bu qanun layihəsinin əleyhinə çıxmışdı. Buna görə də İran Ali Məsləhət Şurası bu qanun layihəsini təsdiqləməmişdi.

 

2002-ci ildən isə İran ailə məcəlləsində 13 yaşdan kiçik qız uşaqlarının nigaha daxil olmasına icazə verilir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN